Cari mövsümün sürpriz komandası “Qəbələ” qış fasiləsinə 2-ci pillədə yollanmaqla futbol ictimaiyyətində özü haqda xoş fikirlər formalaşdırmağı bacardı.
Hələ missiya sona çatmayıb.
Qarşıda duran əsas hədəf uğurlu qrafiki qoruyub-saxlamaq və mövsümün yekununda avrokuboklara vəsiqəni təmin etməkdir.
Bunun üçünsə bölgə təmsilçisi mütəq və mütləq güclənməlidir.
Rüfət Əhmədovla Yaovi Akakponun zədədən əziyyət çəkdiyini, mövsümboyu cəzalı, zədəli və xəstə futbolçuların olduğunu nəzərə alsaq, baş məşqçi Elmar Baxşıyevin yeni transfer(lər)də maraqlı olması anlaşılandır.
Elmar bəy Sportinfo.az-a açıqlamasında “Qəbələ”nin transfer məsələsi ilə bağlı sualını cavablandırıb:
“Rəhbərliklə görüşümüz olacaq və həmin görüşdən sonra suallara aydınlıq gələcək. Açığı, izlədiyimiz 3-4 əcnəbi futbolçu var.
Razı sala bilsək, yəqin ki, onlardan 1-i ilə müqavilə bağlanacaq. Lakin məsələ hələ tam dəqiqləşməyib”.
“Qəbələ”nin qış fasiləsində Azərbaycanda hazırlıq keçəcəyi deyilsə də, Türkiyəyə yollanmaq ehtimalı da istisna olunmur.
HƏBİB

