"Qəbələ" İdman Klubu baş menecer Zaur Əzizovla yollarını ayırıb.
Klubun rəsmi saytı Sportinfo.az-ın günlər öncə yaydığı xəbəri rəsmən açıqlayıb.
2008-ci ildən bu vəzifəni tutan futbol funksioneri 13 ildən artıq müddətdə komandanın uğurları üçün çalışıb. Əzizov “Qəbələ” ilə birlikdə Premyer Liqada iki gümüş (2016/17, 2017/18), üç bürünc (2013/14, 2014/15, 2015/16) medal qazanıb.
Bu müddətdə 4 dəfə Azərbaycan kubokunun finalına yüksələn komanda 2018/19 mövsümündə ilk tituluna yiyələnib, üç dəfə (2013/14, 2016/17, 2017/18) həlledici matçda məğlub olub.
Avrokuboklardakı debütü Əzizovun baş menecerliyi dövrünə təsadüf edən “Qəbələ” iki dəfə (2015/16, 2016/17) ardıcıl 4 mərhələ adlamaqla UEFA Avropa Liqasının qrupunadək irəliləyib.
"Qəbələ" İdman Klubu Zaur Əzizova əsas komandanın formalaşması, inkişafı və uğurlarındakı xidmətlərə görə təşəkkür edir, ona gələcək karyerasında yeni-yeni uğurlar arzulayıb.
Böyük ehtimalla, bu postu Nail Kərimov tutacaq. Adıçəkilən şəxsin uzun illərdir klubda çalışdığını, son olaraq akademiyanın direktoru postunu tutduğunu bildirək.
Z.Əzizov bundan sonra fəaliyyətini "Neftçi"də davam etdirəcək. Bakılıların sabah bu təyinatı açıqlaması gözlənilir. O, "ağ-qaralar"ın yeni CEO-su olacaq, idman direktoru səlahiyyətlərini yerinə yetirəcək.
Əzizov paytaxt klubuna SOCAR-dan məsləhət bilinib. Bu təyinatdan əvvəl AFFA-da olub, icraçı vitse-prezident Elxan Məmmədovla görüşüb.
SPORTİNFO.AZ

