“Qəbələ”nin qara günləri hələ bundan sonra başlayacaq?

16 Dekabr 2021 19:00 Qəbələ 1 079
“Qəbələ”nin qara günləri hələ bundan sonra başlayacaq?

«Mövsümün sürprizi» adlı nominasiya elan olunsa, heç şübhəsiz, «Qəbələ» qalib ünvanını qazanar.

Bura kimi yaxşı gəliblər.

Cari mövsüm «Neftçi» ilə ikinci dəfə heç-heçə etməklə, qıış fasiləsinə ikinci pillədə yollandılar. Qeydə alınan gözlənilməz uğur münasibətilə kluba bağlılığı olan hər kəsi təbrik edirik.

Doğrudan da, Premyer Liqaya əməlli-başlı rəng qatdılar, hətta bununla kifayətlənməyib, çempionatın dəngəsini büsbütün dəyişdirdilər.

Mövsümün əvvəlində «qapazaltı» gözüylə baxılan «Qəbələ» 14 tur ərzində bir çoxunu «qapazladı» və bununla hamıya «əlinin duz»unu göstərdi. Güc birliyinin, vəhdətin hesabına.

Bunun davamını gətirmək çətin olacaq amma. Çünki klubun rəsmi (yönətim) və bədii (məşqçi+futbolçu) hissələrini birləşdirən «qızıl orta» - Zaur Əzizov artıq buraları tərk edib.

Uzun illərdir baş menecer vəzifəsini yerinə yetirən şəxsin karyerasında yeni dönəm başlamaq üzrədir. O, indən belə analoji fəaliyyətini «Neftçi»də davam etdirəcək.

Bu seçimdən itirən «Qəbələ» oldu. O, Elmar Baxşıyevi görəvə gətirən, çətin dönəmdə müdafiə edən, baş məşqçi ilə klub prezidenti arasında «körpü» yaradan əsas fiqurant idi.

Legionerləri də Əzizov tapır, münasib qiymətə razı salır, sonra bununla da kifayətlənməyərək, komandanın əl-ayağını bir yerə yığırdı.

Büdcə ilbəil azalsa, şərtlər ağırlaşsa, şərait zəifləsə də, hamı arxayın idi ki, Əzizov buradır və əgər o, heç yerə getməyibsə, deməli, sabaha ümid var, nəsə edəcək. Və edirdi də.

Əzizov olmasaydı, kim idi, bu legionerləri tapan, gətirən, onları ümidləndirən, nəticə qazanmağa ürəkləndirən? Elmar Baxşıyev pis məşqçi deyil, amma burada hər şeyi o etməyib axı. Edə də bilməz.

Tək əldən səs çıxmaz. «Qəbələ»də Yuri Syomin, Roman Qriqorçuk və başqaları da bütün məsuliyyəti öz üzərinə götürə bilməyib.

Qaldı onların yanında dünənki uşaq olan Elmar Baxşıyevin bunu bacarması.

Zaur Əzizov idarəçilik bacarığı, fərasəti, dil qabiliyyəti ilə «yuxarı»nı «aşağılar»la birləşdirdi və biz bunun sayəsində indiki «Qəbələ»ni görməkdə, izləməkdəyik.

Maliyyə təminatının yüksək olduğu yerdə nəticə qazanmaq asandır. Oğulsan, qəpik-quruşla klubu ayaqda saxla, yıxılmağa qoyma, yaşat onu.

Zaur Əzizov əlaqələrindən, təcrübəsindən, ünsiyyət qurmaq üstünlüyündən yararlanmaqla, Elmar Baxşıyevi məşqçi kimi tanıtdı, qoymadı ki, o, futbolçuların əlində əsir-yesir olsun.

Əksinə, elə ab-hava yaratdı ki, formanı geyinən və geyinməyən oyunçular Baxşıyevt qəbullandı, sözünü, xahişini, tələbini yerə salmadı, ətrafında birləşdi.

Baş menecerin gedişindən sonra hər şey olduğu kimi qalacaqmı yerində? Bax, bu, böyük sual altındadır, əsl müəmmadır.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti