"3 gün idi evdə, məşqdə, gecə yatanda Emin Mahmudovun penalını düşünürdüm"

16 Dekabr 2021 13:20 Qəbələ 1 188
"3 gün idi evdə, məşqdə, gecə yatanda Emin Mahmudovun penalını düşünürdüm"

"İlin son oyunu idi. Bizim üçün çox önəmliydi. Son çempionla matçdan məğlub ayrılmaq istəmirdik. Şükür olsun Allaha ki, sonda istəyimizə çatdıq. Turnir cədvəli baxımından da bu hesab bizim üçün yaxşıdır".

Bunu Sportinfo.az-a açıqlamasında dünən "Neftçi" ilə bərabərə qalan (1-1) "Qəbələ"nin qapıçısı Nicat Mehbalıyev deyib.

Meydan sahibləri qələbə də qazana bilərdi. Komanda hesabda önə çıxsa da, sonda üstünlüyü qoruya bilmədi. Nicat bunu rəqibin gücü ilə əlaqələndirib:

"Neftçi" kimi komandaya qarşı oynayırsansa, təbii ki, hardasa boşluq verəcəksən. Bu da hardasa gözlənilən idi. Nəzərə alaq ki, "Neftçi" üçün da qarşılaşma çox önəmliydi. Oyun ərzində də rəqib bütün qüvvəsi ilə hücuma atılırdı. Düzdü, qolu buraxmıya bilərdik. Ancaq o qədər də heyifslənmirik. Bir xal da bizim üçün qənaətbəxş hesabdır".

Yəqin ki, dünən "Qəbələ"nin 1 xal qazanmasında Nicatın önəmli rol oynadığını hər kəs qəbul edər. Gənc qapıçı həm bir neçə önəmli qurtalışla yadda qaldı, həm də Emin Mahmudovun penalını qaytarmağı bacardı.

21 yaşlı qolkiper isə öz barədə danışanda bir qədər təvəzukarlıq edib: "Oyunun ən yaxşısı olduğumu deməzdim. Bütün komandamız əziyyət çəkdi. Elə məqamlar var ki, müdafiəçilər zəif çıxış etsə, qapımızda qollar görə bilərdik. Komanda olaraq hamı bir nəfər kimi yaxşı oynadı. Hərə öz işini gördü, mən də həmçinin".

O, "Emin Mahmudovun penalı üçün xususi hazırlaşmışdınmı" sualını isə belə cavablayıb: "Bəlkə də bu sözüm bir az gülməli səslənəcək (gülür). Amma 3 gündü Emin Mahmudovun penal vurmağın beynimdə yaşayırdım. Məşqdə, evdə, gecə yatanda belə Eminin necə penal vuracağını düşünürdüm. Sona kimi gözləyəcəyimi qərara aldım. Hətta penal olanda Eminə tərəf gülə-gülə getdim. Həmin penal üçün hazır idim. Şükürlər olsun bu da öz bəhrəsini verdi. Bilirdim ki, Emin həm penalda, həm də cərimə zərbələrində çox keyfiyyətlidir. Ona görə də hazırlaşırdım və uğurlu ola bildim".

Xanoğlan İmanov

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti