“Yuventus”la “Milan”a qol vurdu, “Qəbələ”ni təriflədi: "İstədiyim vaxt..." - MÜSAHİBƏ

15 Oktyabr 2021 16:40 Qəbələ 1 317
“Yuventus”la “Milan”a qol vurdu, “Qəbələ”ni təriflədi: "İstədiyim vaxt..." - MÜSAHİBƏ

“Qəbələ”nin cari mövsümdə inamlı təsir bağışlamasında klubun seleksiya işinin düzgün qurulması öz sözünü deyir.

Legionerlərin sayı az olsa da, aldıqları pulun qarşılığında keyfiyyətləri yüksəkdir.

Belələrindən biri də İsnik Alimidir. Vaxtilə İtaliya klublarının şərəfini qoruyan, Albaniya ilə Makedoniyanın aşağı yaş qruplarının formasını geyinən, “Qəbələ” formasında meydana çıxdığı 6 oyunda 2 qola imzasını yazdıran “5 nömrə”.

Aliminin danışmaqla arası olmasa da, Sportinfo.az-ın suallarını cavablandırmağa “yox” demədi.

- "Qəbələ"yə qısa müddətdə uyğunlaşdın və qısa müddətdə komandanın əsas oyunçularından birinə çevrildin. Bunu necə bacardın?
- “Qəbələ”yə gəldiyim gündən özümə qarşı hədsiz diqqət gördüm. Məşqçilər heyəti, futbolçular, inzibati işçilər – hamı dəstək verir, isti münasibət göstərirdi. Belə olduğu halda, mühitə uyğunlaşmaq çətin olmadı.

- Azərbaycana gələnə qədər ölkəmiz və futbolumuz haqda təsəvvürlərin necə idi?
- Təbii ki, müəyyən məlumatlara sahib idim. Vaxtilə Azərbaycan çempionatında çox sayda alban və makedon futbolçular oynayıb. Bir neçəsi burda çempion olub, kubok qazanıb, sevilib. Ona görə də ümumi bilgilərə sahib idim. Lakin gələndən sonra eşitdiyim xoş sözlərin canlı şahidi oldum.

- Onlardan kim(lər)isə şəxsən tanıyırsan?
- Xeyr, vaxtilə Azərbaycanda oynamışlardan heç kimi şəxsən tanımıram. Sadəcə, adlarını eşitmişəm və hansı uğurlara imza atdıqlarını bilirəm.

- “Qəbələ”dən təklif alanda qərar vermək çətin olmadı?
- Onsuz da, karyeramda yenilik haqda düşünürdüm. Və belə bir vəziyyətdə Azərbaycandan, “Qəbələ”dən təklif gəlməsi xoş oldu. Əlimə fürsət düşdü, dərhal qərarımı verdim. Fikrimcə, düşüncəm məni aldatmadı.

- Makedoniyanın U-19 komandasında forma geyinsən də, sonradan Albaniyanın U-21-də oynadın. Dəyişikliyin səbəbi nə idi?
- Elə bir səbəbi yox idi. Albaniya və Makedoniya vətəndaşlığım var deyə, istədiyim vaxt qərarımı dəyişə bilirəm.

- Yeri gəlmişkən, heç vaxt bu ölkələrin əsas milli komandasına cəlb olunmamısan. Səbəb?
- Səbəbini məndən yaxşı məşqçilər bilər. Amma bir neçə dəfə buna yaxın olmuşam. Sadəcə, son anda dəvət göndərməyiblər. Düşünürəm ki, bir gün əsas millinin formasını geyinmək də qismətim olacaq.

- Statistika "Kyevo"da rəsmi oyuna çıxmadığını yazır. Lakin vikipediada "Yuventus"la "Fiorentina"ya qol vurduğun yazılıb. Hansı doğrudur?
- 19 yaşıma qədər “Kyevo”nun şərəfini qorumuşam və bu komanda ilə (U-19) çempionluğu bayram etmişəm. Amma bu, əsas yox, gənclər komandasında olub. Bəli, yazılanlar doğrudur, “Yuventus”la “Fiorentina”ya, hətta “Milan”a da qol vurmuşam. Həmin il möhtəşəm idik.

- Bəs əsas komandada debüt etməyinə nə mane oldu?
- Əslində, əsas komanda ilə məşq edirdim. Amma oyun təcrübəsindən əziyyət çəkməmək üçün U-19-da oynamalu olurdum. Bilirsiz, 18-19 yaşında futbolçunun A Seriyasında şans qazanması heç də asan deyil. Düzünə qalsa, məni ordan heç kim qovmurdu, əsas komandada qala bilərdim. Sadəcə, elitada oynamaq şansı qazanmırdım deyə, oynaya biləcəyim komandaya getmək istəyirdim.

- 6 il "Atalanta"ya məxsus oldun amma oynamadın. Niyə?
- “Atalanta”nın möhtəşəm heyəti var idi. Komandaya qoşulanda gənc idim və məndən nə gözlədiklərini bilirdim. Durmadan çalışırdım, məşqlərdən sonra əlavə hazırlıq keçirdim. İtalyan komandaları gənc futbolçuları aşağı liqalara göndərib, ordakı çıxışlarını izləyirlər. Seriya B-də, yaxud C-də fantastik oynamalısan ki, sənə A Seriyasında şans versinlər. Ona görə də bir neçə il aşağı dəstədə oynamalı oldum.

- Buna baxmayaraq, A Seriyasının komandalarının diqqətini çəkə bilmədin?
- Qismət deyilmiş.

- Son olaraq "Qəbələ"ylə bağlı arzun, hədəfin nədir?
- Bu dəqiqəyə olan arzum sabahkı oyunda qələbə qazanmaqdır. Uğurlu nəticələri davam etdirdikcə, hədəfə çatmaq asan olacaq. Hamımız bir nöqtəyə vurmaqla qələbələri və qolları sıralaya bilərik. Əsl mübarizə irəlidədir.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti