“Qəbələ”dən ayrıldı, alverə başladı: "Bilsəydim ki, aqibətimiz belə olacaq..."

17 Mart 2021 19:20 Qəbələ 1 602
“Qəbələ”dən ayrıldı, alverə başladı: "Bilsəydim ki, aqibətimiz belə olacaq..."

“Qəbələ” Futbol Akademiyasının qapıçılar üzrə məşqçisi Elnar Kərimov ticarətlə məşğul olur.

20 ilə yaxın futbol oynayan, bir müddət bölgə təmsilçisinin akademiyasında çalışan Kərimov qida mağazası açıb.

Bununla da sabiq futbolçu futboldan tam uzaqlaşıb. Amma incik şəkildə. Futbolla bağlı danışmaq istəməyən, müsahibə verməyən Kərimovla əlaqə saxlayıb, söhbətləşməyə razı saldıq.

- Sosial şəbəkədə artıq futboldan uzaqlaşmağınız, ticarətlə məşğul olmağınız ilə bağlı paylaşım etmisiz. Səbəb nə oldu?
- Bir müddət idi ki, işsiz idim, artıq hansısa işlə məşğul olmalıydım. Həm də Azərbaycanda futbolun səviyyəsinin yüksək olmadığını hamı bilir. Bir il əvvəl pandemiyaya görə “Qəbələ”dəki işimdən ayrıldım. O vaxtdan da yeni iş axtarırdım.

- “Qəbələ”dən ayrılandan sonra başqa klubda çalışmaq şansınız olmadı?
- Yox, açığı, heç maraqlanmamışam da. Ona görə ki, məşqçiliklə bağlı əsas lisenziyam yoxdu, “Qəbələ”də qısa müddət idi çalışırdım. Buna görə də klublara müraciət etmədim. Lisenziyam olsa belə, futbolda çalışmaq üçün kiməsə yalvarmazdım. İşsiz olduğumu onsuz da hamı bilirdi. Yəqin istəsəydilər, dəvət göndərərdilər. Ticarətə başlamağım da şəxsi qərarım oldu.

- Lisenziya alsaydız, futbolda qalmaq fikriniz olardı?
- İnsanın bildiyi işdə çalışması gözəl olar. İyirmi il bir sahədə əziyyət çəkirsən, irəliləyirsən, sonra da ayrılırsan. İyirmi il əziyyət çəkdiyim bir sahədən ayrılmaq, fərqli işdə çalışmaq adama ağır gəlir. Təklif olsaydı, işləyə bilərdim. Bunun üçün çalışdım da, amma gördüm alınmır, nəsə yoxdu. Düşdüyümüz vəziyyətlə ayaqlaşmalıyıq. Məcbur qalıb, yeni işə başladım.

- Deyəsən, futboldan küsmüsüz.
- Mənim kimi küsənlərin sayı çox olacaq. Mənim kimi futbol oynayıb, əsl futbolu görən şəxslər çoxdu. Sadəcə, belə alınır, başqa çarəmiz yoxdu. Başqa işlərdə çağıranlar da olur, yüngül işlərdi, onlara da razıyam. Amma artıq futbola yox. Açığı, yaxın adamlar mənə futbolla bağlı sual verəndə də cırnayıram.

- Ölkə futbolunda klubsuz qalıb karyerasını bitirən futbolçular, iş tapa bilməyən məşqçilər çoxdu.
- Öz adımdan deyə bilərəm ki, “Qəbələ”də vəziyyət yaxşı idi. İşdən ayrılmağım da pandemiya ilə bağlı oldu. Klub rəhbərliyi də bizi yaxşı qarşıladı. Deyildi ki, gələcəkdə hansısa yeni plan olarsa, biz də qayıdarıq. Amma gözləyə bilməzdim. Bunun nə qədər çəkəcəyi bəlli deyildi. Klubdan ayrılandan sonra bir müddət taksi sürücüsü işlədim, indi isə bir neçə yaxın adamla birlikdə mağaza açıb, ailəmizi dolandırırıq. Bu işi də müvəqqəti görürük. Alınmasa, yeni iş fikirləşəcəyik.

- Futbolçu karyerasını bitirdikdən sonra işsiz qalan, futbolda çalışa bilməyən mütəxəssislərin sayının çox olmasının səbəbi nədi?
- Azərbaycan futbolunu təhlil etsək, çox dərinə gedərik. Yaxşı məşqçilərimiz çoxdu, bu suala onlar daha yaxşı cavab verərlər. Problem Azərbaycan futbolunun başında dayananlardan qaynaqlanır. Ona görə də mən bu gün heç nəyə heyifsilənmirəm. Mənə sual versələr ki, şansın olsa, yenə futbolçu olarsan, “yox” cavabı verərəm. Sadəcə, buna təəssüflənirəm. Bilsəydim ki, aqibətimiz belə olacaq, 20 il əvvəl futbola canımı qoymazdım, o qədər ümidlənməzdim. Elə o vaxt tacir olsaydım, bəlkə də vəziyyətim bundan yaxşı olardı. Belə olmasını gözləmirdim. İşləməyən, iş tapa bilməyən məşqçilər çoxdu. Bu gün heç əsas liqada oynamamış insanlar məşqçilik edirlər. Mən gedib onlara “sən niyə işləyirsən” deyən deyiləm ki. Bizim üçün də “xeyirlisi” deyib, davam edirik.

- Futbola rəhbərlik edənlərə toxunduz, bəs ölkə futbolunun hazırkı vəziyətini necə qiymətləndirirsiz?
- Azərbaycan futbolu barədə nəsə deməyə ehtiyac var ki? Hər şey göz önündədi, nəyi təhlil edək? Böyük işlər yoxdu axı danışmağa. Bir sürücüdən də soruşsan, o da reallığı deyəcək. Ölkə futbolunda yenə də pərakəndəlik var, peşəkarlıq yoxdu. Hərə öz kefindədi, öz qanunu ilə işləyir. Bir-iki ilə lazım olan uşaqlar üzə çıxsa, inkişaf etsə, nəyəsə ümid etmək olar. Əks halda məhv olub gedəcək futbol.

- Futboldakı problemlər barədə danışarkən, ən çox toxunulan sahə uşaq futboludu. Siz də bu işin içində olmusuz. Uşaq futbolunda inkişaf üçün nə lazımdı?
- Ağac əkməmiş torpağa fikir verirlər, əkiləcək ağacın kökünə baxırlar. Uşaq futbolu da belədi. Uşaq futbolu görən, peşəkar məşqçilər çalışmasa, inkişaf da olmaz. Elə bilirlər ki, uşaq futbolunda yoldan keçən də gəlib işləyə bilər. Amma futbolçuyla futbol dilində danışmaq lazımdı. Uşaq futbolunda isə bu məsuliyyət daha böyükdü, daha diqqətli yanaşmaq lazımdı. İndi uşaq futbolundakı bəzi məşqçilər bu davranışı, məsuliyyəti göstərmirlər. Bir il müddətində hər şeyi gördüm, uşaq futbolu çox çətin məsələdi, buna rəhbərlik edən şəxslər məsuliyyəti dərk etməlidilər. Elə hər dəqiqə fərqli qərar veriləcək sahə də deyil. Çalışdığınız 90 uşaq var, hərəsinin ayrı psixologiyası var, hər biri fərqli ailədən gəlir. Bunları başa düşüb, buna uyğun davranmaq lazımdı. Onlarla elə dildə danışmaq lazımdı ki, həmin uşaqlar bu diqqəti görsünlər. Psixologiyalarına bələd olmaq, hər birinə xüsusi diqqət ayırmaq lazımdı.

- “Qəbələ”nin akademiyasında potensiallı, parlaya biləcək futbolçular var?
- Bəli, potensiallı futbolçularımız var. Amma akademiyadan çıxan uşaqlar 1-ci diviziondan premier-liqaya yüksələ, orda oynaya bilmirlər. Bu da məşqçilərin onlara güvənməməsiylə bağlıdı. Futbolçuların intizamsızlığı, öz üzərində çox çalışmaması da bunda böyük rol oynayır. 5 il Türkiyədə oynadığım müddətdə belə şey görmədim. Orda bizə həm pul verirdilər, həm də qarşımıza məqsəd qoyurdular, ona doğru irəliləyirdik. Bizim futbolçularımızda isə məqsəd yoxdu. Ona görə də qabağa gedə bilmirlər. Bəli, yaxşı akademiya, potensiallı futbolçular var. “Qəbələ”nin akademiyasından çıxıb, indi fərqli klublarda oynayan futbolçularımız da var. Amil Yunanov, Tellur Mütəllimov, Elnur Camalov və başqalanın adını çəkmək olar. Bəzi klublarımız da belə futbolçuları daha yaxşı dəyərləndirmək, onların potensialından istifadə etmək istəmirlər. Belə akademiya başqa klublarda da ola bilər. Hazırda inkişaf edən təkcə “Qəbələ”nin akademiyasıdı.

- Tez-tez vurğulanır ki, akademiyaların bölgələrdə yaradılması daha yaxşı olar. “Qəbələ” elə ən yaxşı nümunədi.
- Düzdü, mən hazırda Mingəçevirdə yaşayıram, burda futbol, akademiya yoxdu. Burda dəstək olsa, mən də qapıçı hazırlaya bilərəm. 20-30 uşaq yetişdirə-hazırlayarıq, gələcəkdə klublarda çıxış edərlər. Amma mən bu gün işsizəm, üstəlik elə vəziyyətdi ki, kiməsə “siz məktəb açın, mən gəlim işləyim” deyə bilmərəm. Qəbələdəki kimi Gəncədə, Mingəçevirdə, Şəmkirdə, Yevlaxda akademiya olsa, futbolumuzun da, futbolçularımızın da inkişafı olacaq. Bölgələrdə futbol yoxdusa, yaxın bir neçə ildə Azərbaycan futbolunun inkişafına ümid etmirəm. Təkcə mən yox, başqa mütəxəssislər də belə düşünür.

- “Qəbələ” premyer-liqada hazırda 5-ci yerdədi. Komandadan gözləntiləriniz nədi?
- Uzun müddətdi futbolu, Azərbaycan çempionatını izləmirəm. Açığı, futboldan o qədər küsdüm ki, heç həvəsim də yoxdu. Heç maraqlanmıram da. İndi siz deyəndə bildim ki, “Qəbələ” 5-ci yerdədi. Sadəcə, avrokuboklarda “Qarabağ”ın çıxışını izləyirəm, ölkəmizi uğurla təmsil edirlər. Onların sayəsində ölkə futbolu müəyyən qədər tanınır. Əvvəllər “Qəbələ”, “Neftçi” də avrokuboklarda uğurlu çıxış edirdi, amma indi belə uğur görmürük. Heç milli komandanın oyunları ilə də maraqlanmıram. Kimi baş məşqçi postuna gətiriblər, onu da bilmirəm (Futbol+).

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu