Bir az o yan-bu yan eləsəz, sizi "Bakı"nın gününə salarlar!

15 Mart 2021 15:00 Qəbələ 7 248
Bir az o yan-bu yan eləsəz, sizi "Bakı"nın gününə salarlar!

"Qəbələ"nin başı dərdədir. İstəyir baza-stadion tik, avrokuboklarda sıfırdan gedib qrupda oyna, akademiya yarat, uşaq futbolunu düşün, xeyri yoxdur.

Əsas AFFA-nın "qılınc"ının altından keçməkdir.

Sonra da deyirlər, futbola sponsor gəlmir, yaxın duran yoxdur. Olmaz da… Sən AFFA, olanların qədrini bildin ki, hələ umub-küsürsən də?

Elmar Baxşıyev imdad eləyir, "mən də gənc məşqçiyəm" deyir. İnsafən, başını aşağı salıb işini görür. Bəla ondadır ki, "Qəbələ"nin dağılmasını istəyənlərin əli bala yox, "podlyanka"ya batıb.

Nə qədər çalışırlar, "Qəbələ" batmır, yaşayır. Hələ özlərinə gəlib avrokuboklara iddiasını ortaya qoyur. Bir "Neftçi"dir, ələ alsalar da, o heç, flaqmandır, futbolun tarixidir.

Olmaz axı. "Qarabağ", "Zirə", "Qəbələ" avrokuboklara vəsiqə qazansa, planlar pozulur. Müstəqil klublar yuxarıda, AFFA uşaqları aşağıda? Yol verməzlər.

Kimdir "Qəbələ"nin gördüyü işlərə baxan? Hələ klub prezidenti Fariz Nəcəfov əlinə silah götürüb Qarabağ uğrunda savaşa da qatılır.

Bəs "Sumqayıt"? AFFA-nın "döyünən ürəyi" Riad Rəfiyev? Müharibə vaxtı, görəsən, qaçıb hansı deşikdə gizlənmişdi?

"Qəbələ" - "Zirə" oyunun pərdəarxası ssenarisi bundan ibarət idi. Optimal hesab bərabərlik, alınmasa… Elə Elmar Baxşıyev də Rəşad Sadıqovun işinə kölgə salmaq istəmədiyini dilə gətirərək, əvvəlki oyunlardakı hakim haqsızlıqlarını da dilə gətirib od püskürür. "Sumqayıt"la oyunlarda haqsızlıqlarla üzləşdiyini əbəs yerə xatırlatmır.
Sabah da "Qəbələ" dağılanda, bezdiriləndə, deyəcəklər, klub idarəçiliyi yerində deyildi. Kimə lazımdır, olmayan yerdə o cür şərait yaradasız, hələ gedib Qarabağda da döyüşəsiz? Önəmlisi AFFA-nın planlarına uyğun gəlməkdir.

Bir az o yan-bu yan eləsəz, bazanızı "Bakı"nın gününə salarlar. Bəxtiniz gətirsə, "Xəzər Lənkəran"ın stadionu kimi boş qalar.

İşləri-gücləri qurtarıb, o boyda qarda meydança təmizləyirlər, qonaqları qəbul edirlər, hələ narıncı ehtiyat top da tapırlar. Etməyin də. 5-10 min cəriməni qoysunlar belinizə, sonra da desinlər ki, bu da bunların futbola münasibəti.

Elmar Baxşıyev, sən həvəsdən düşmə, yolunu davam elə. Hələ qarşıda səkkiz tur var. Təslim olmaq "Qəbələ"yə yaraşmaz.

Matça gəlincə, hər iki komanda qələbəyə oynayırdı. İstək olsa da, qapılar önündə təhlükəli vəziyyətlər yaranmırdı. Qola kimi bir Musa Qurbanlının uzaqdan vurulan zərbəsi yadda qaldı.

Meydanın mərkəzində mövqe savaşı gedirdi. Növbəlik prinsiplə komandalar epizodik halda ərazi üstünlüyünə malik olurdu. Vurulan top bütün planları pozdu.

Merab Qiqauriu meydandan qoyulmasından sonra "Zirə" üstünlüyü ələ aldı. Bir saatdan çox azlıqda oynayan "Qəbələ" qarşısında zirəlilərə öndə yaradıcılıq çatışmırdı.

İlk hissədən sonra da axar dəyişmədi. "Zirə" bəlkə də heç vaxt bir oyunda bu qədər künc zərbəsindən istifadə etməmişdi.

Kompakt müdafiə olunan qəbələlilər qarşısında cinahlardan lazımınca yararlana bilmir, cərimə meydanına göndərilən şablon asmalar heç bir effekt vermirdi.

"Zirə"də kifayət qədər imkanlar olsa da, kənarlardan oyunu öz üzərinə götürüb cərimə meydanına fərdi keçidlər edəcək futbolçular çatışmırdı. Belə bir an ancaq əlavə vaxtda baş verdi.

Sağ cinaha çəkilən Rodriqo Bonqonqui ustalığı hesabına rəqibləri aldadaraq, oyunu öz üzərinə götürdü. Elə məğlubiyyətlə razılaşmayan "Zirə"nin cavab topunu da yeni gələn başqa bir legioner - Fakundo Melivilo vurdu.

Rəşad Sadıqov əlinin altında kimlər vardı, hamısını hücuma atmışdı. "Qəbələ" 10 nəfərlə qalsa da, imkan olan kimi kəsərli əks-hücumlar təşkil edirdi. Bir qədər sayıq davransaydılar, ikinci qolu vura bilərdilər.

Uzun müddət azlıqda mübarizə aparmağın təzyiqi futbolçulara rahat oynamağa mane olurdu.

"Qəbələ" az qalmışdı istəyinə çatsın. Qola qədər artırılan əlavə vaxt, niyyət imkan vermədi. Və qazanan "Sumqayıt" oldu.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"