Aftandil Hacıyev daha iddialı klublrarda şans qazansa…

10 Mart 2021 17:40 Qəbələ 1 163
Aftandil Hacıyev daha iddialı klublrarda şans qazansa…

"Qəbələ" 4-cü pilləyə yaxınlaşmağa əla şans qazanmışdı.

Doğma məkanda kimsəsiz "Səbail"lə qarşılaşırdı.

Qəbələlilər əvvəlki illərini xatırlatmasalar da, rəqibindən şərait, heyət seçimi sarıdan üstündür. Əsas oyunçuları Herdrik Ekşteyn və Peyman Keşavarzın yoxluğunda 3 xalın qazanılması çətin görünmürdü, Aftandil Hacıyev faktoru olmasaydı.

Hər iki komanda qələbəyə oynadı. Qələbə istəyi olsa da, sürət yüksək deyildi: komandalar bir-birinə ehtiyatla yanaşırdılar.

Tez-tez top itkiləri məzmunlu hücumları, keyfiyyəti aşağı salırdı. Bir-birilərinin səhvini gözləyirdilər. Açığı, "Qəbələ"dən daha aqressiv oyun gözləmək olardı. "Səbail" buna imkan vermədi.

Gəncləri arxasınca apara biləcək gücdə olan Cemys Adeniye özünü əziyyətə salmaq istəmir, çempionatı yola verir. Nigeriyalı hücumçu elə potensiala sahibdir ki, təkbaşına oyunun taleyini həll edə bilər.

Əylət təmsilçisi intizamlı komanda oyunu ilə seçilr. Nə qədər zəifləsə də, öz baxımlı üslubu var.

Aftandil Hacıyev də həmkarından geri qalmır. Karyerası ərzində səviyyəli klublar, böyük pullar görmüş Rahid Əmirquliyev, Əfran İsmayılov, Rauf Əliyev, Kamran Ağayev kimi təcrübəli futbolçuları zəif komandada, bir ideya ətrafında birləşdirmək asan deyil.

Köməksiz qalan baş məşqçi bunları bacarıb. Narazılıq edən, ara qatan yoxdur. Rauf son dəqiqələrdə də meydana çıxıb can-başla döyüşür. Cavid Hüseynovun timsalında eyni sözləri "Qəbələ" haqqında da söyləmək olar.

İlk hissədə baş məşqçilərin taktiki savaşı bərabərliklə nəticələndi. Fasilədən sonra fürsətçil, qol duyumu olan Amil Yunanov yenidən səhnəyə çıxdı.

Soyuqqanlıqla qapıçını da keçib hesabı açdı. Yenə deməliyəm ki, bu hücumçu öz üzərində daha əzmlə çalışmalıdır. Qollar vurduqca, özünə diqqəti daha da artırır.

Baş məşqçilər, rəqib müdafıəçılər hücumçunu diqqətdə saxlayır. Amil hər dəfə öz oyununu daha da təkmilləşdirməli, axtarışda olmalıdır. Öz üzərində çalışsa, artıra bilər.

Kapitan Rahid Əmirquliyev "Səbail" üçün tapıntıdır. Stabil, əzmkar oyunu, tükənməz enerjisi, təcrübəsi, futbolçu centlemenliyi ilə komandanı lideridir.

Göstərdiyi oyunla milli heyətindən kənarda qalmamalıdır, bunu haqq edir.

Matçda göstərilən qırmızı vərəqələr haqlı idi. "Qəbələ" rəqibin azlıqda qalmasından istifadə edib təzyiqi artırdı. Təcrübəli Cavidin köməyə gəlməsi də qol ötürməsi ilə nəticələndi.

Çətin anlarda "Səbail"in qvatemalalı qapıçısı inamlı görünürdü. "Qəbələ" nə qədər çalışsa da, bir topdan artığına gücü çatmadı.

"Səbail" azlıqda qaldıqdan sonra baş məşqçiləri təlaşa düşmədi. Etdiyi dəyişiklər də müdafiəyə çəkilmək, nəticəni qorumaq üçün edilmirdi.

Aftandil Hacıyev öz sakit özgüvəni ilə futbolçuların özlərinə inamını artırır. Əlinin altında seçimi çox olmasa da, futbolçulardan maksimumu almağı bacarır.

Elmar Baxşıyevin mətbuat konfransında həmkarının adını xüsusi qeyd etməsi təsadüfi deyil. Aftandil Hacıyev daha iddialı klublrarda şans qazansa, potensialı tam üzə çıxa bilər.

"Qəbələ" buraxılan topdan sonra bərabərliyə nail olmasına baxmayaraq, evdə vacib iki xaldan məhrum oldu. Bir xalı "Səbail"in aktivinə yazmaq olar.

Həyatın gərdişinə bax, hakim haqsızlığı ilə yarımfinaldan kənar qalan "Səbail", "Qəbələ"ni, 4-cü pillənin indiki sahibi "Sumqayıt"a yaxınlaşmağa imkan vermədi.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti