“Qəbələ" - "Keşlə" oyunu digər matçların kölgəsində qalsa da, çox mətləblərə aydınlıq gətirdi.
Bu, turnir cədvəlində “zirzəmi”dən qurtulmaq dueli idi.
Baş məşqçilərin qarşıdurması intriqanı artırırdı. Sənan Qurbanov "Qəbələ"yə yaxın simadır. Keçmiş komandasını əzbər tanıyır.
"Keşlə"yə yeni gəlsə də, məşqçilik bacarığını göstərməlidir. Təbii, o bacarıq varsa.
Qarşılaşma bir daha göstərdi ki, Elmar Baxşıyev daha potensiallı məşqçidir. Qəbələdə futbol adına mükəmməl şərait qurulsa da, imkanlar əvvəlki deyil.
Minimum təminatla maksimum nəticə göstərilməlidir. Medianın diqqətindən kənar qalan Baxşıyev şansını dəyərləndərməyə çalışır, başını aşağı salıb məşqçiliyi ilə məşğul olur.
Hələ ki, bu, onda pis alınmır.
"Qəbələ"də oyun üslubu var: rəqiblərdən çəkinmirlər, bacardıqları qədər ounayırlar. Bir-iki ardıcıl qələbə qazansalar, avrokubok zonasına da iddia edə bilərlər.
Bu iddianı Elmar Baxşıyev və futbolçilar etməlidir. Klub olaraq "Qəbələ" qruplarda oynamış komandadır.
Hazırda qəbəlilərin elə böyük iştahı olmasa da, baş məşqçi "mən də varam " deyib, şansını dəyərləndirməlidir. Hiss olunur ki, bəhanələr gətirmədən bunun üçün çalışır.
"Qəbələ" sonda 4-cü yeri tutsa, gördüyü işlərə görə bu, ən böyük mükafatları olar. Özlərinə inansalar, bacararlar.
“Keşlə”üzərində qələbə onlara hava və su kimi lazım idi. Amma "Keşlə" özü də bilmir nə edir. Paytaxt təmsilçisi ekspermentlər məkanına çevrilib.
Menecerlər qonub Keşlə bazarına, hər altı aydanbir bir dəstə legioner gəlir, bir dəstə gedir. Heç məşqçilər də onlardan geri qalmır.
Bazaları, imkanları yetərincədir. Hələ ki, burada xaos hökm sürməkdə davam edir. Nə vaxt bitəcək, onda da "Keşlə" futbol oynamağa başlayacaq.
Belə davam etdikcə, Qəbələdəki kimi boş qapıya qollar da keçməyəcək. “Futbol tanrısı” xəyanəti qəbul etmir.
Keçmiş “bankirlər”in ümidi indi kuboka qalıb. Çempionatda belə oyunlarla yuxarı pillələrə iddia etmək sadəlövhlükdür. "Keşlə" günahı özündə axtarmalıdır.
Yunis Hüseynovdan sonra Sənan Qurbanovun bura gətirilməsi yağışdan çıxıb yağmura yaxalanmaqdır. Gətirəndə, bir baxın ki, kimi gətirirsiz də... Özü yıxılan ağlamaz.
“Keşlə”nin problemi maliyyə deyil. Pul var və olacaq. Burada pulun arxasına keçmək söhbəti yoxdur, sadəcə, gec ödənilir.
Amma Sənan Qurbanovdan məşqçi düzəltmək, ona inanmaq çox müşkül məsələdir. O zəhərli dil ki onda var, vay-vay...
Qaşınmayan yerdən qan çıxarar. Arxı keçməmiş “hop” demək, “mənəm-mənəm” eləmək Qurbanovu futbolçularla üz-üzə gətirəcək.
ELNUR