"Qəbələ"nin depozit pulu batdı, "UEFA-ya müraciət edəcəyik"

18 Fevral 2021 21:20 Qəbələ 1 005
"Qəbələ"nin depozit pulu batdı, "UEFA-ya müraciət edəcəyik"

"Qəbələ" UEFA Gənclər Liqasının ləğv olunmasına görə ziyana düşüb.

Sportinfo.az xəbər verir ki, bu barədə "report"a "Qəbələ" Futbol Akademiyasının direktor müavini Nail Kərimov məlumat verib.

O bildirib ki, qərar "Qəbələ"yə maddi və mənəvi cəhətdən mənfi təsir göstərib: "Bir ildir 19 yaşadək futbolçulardan ibarət komandalar qrupunda rəsmi oyunlar keçirilmir.

Biz futbolçularımızı Gənclər Liqasına motivasiya edərək, Şimali Makedoniyanın "Şkupi" komandası ilə səfər oyununa hazırlaşdırırdıq.

Bu gündən sonra uşaqları həvəsləndirmək çətin olacaq. Artıq yarış üçün müəyyən hazırlıq da görülmüşdü. Biletlərin alınması üçün depozit də qoyulub. Maddi cəhətdən də kluba zərbə dəydi".

N.Kərimov məsələ ilə bağlı UEFA-ya irad bildirəcəklərini, amma hələ dünyanın sonu olmadığını əlavə edib: "Bu vəziyyətdən də çıxış yolu tapılacaq.

Bəlkə də belə olması daha xeyirli idi. Səfər üçün ödədiyimiz depozit hissəsini, yəqin ki, geri almaq mümkün olmayacaq. Bu, klubun maddi itkisi olacaq. Səfərə getmək üçün tam hazır idik.

Maddiyyat məsələnin sonuncu tərəfidir. Əsas odur ki, futbolçular yaxşı hazırlaşırdılar və motivasiya olmuşdular. Onlar üçün bu dövrü keçmək daha çətin olacaq".

Direktor müavini UEFA-nın səfərə gedən komandalar üçün 25 min avro vəsait ayırdığını, lakin bu məbləğin oyundan sonra verildiyini vurğulayıb:

"Bu, xərcləri qarşılamaq üçün nəzərdə tutulan vəsaitdir. Turnirdə iştirak haqqı verilmir. Biletlər baha olduğu üçün səfər təxminən bu məbləğə başa gələcəkdi. Amma adətən oyun keçirilir və səfərdən bir ay sonra ödəniş olur. Hazırda kluba heç nə ödənilməyib".

Klub rəsmisi ziyana düşdükləri üçün UEFA-ya müraciət edəcəklərini də istisna etməyib: "Yəqin ki, müraciət olacaq. Hələ qərar dünən axşam verilib. Biz də yekun qərara gəlməmişik, bu barədə fikirləşirik".

O, Avropa futbol qurumunun ötən həftə koronavirus pandemiyası səbəbindən yaranan problemlərə görə turnirlə bağlı iclas keçirdiyini xatırladıb:

"İclasın sonunda iştirakçılardan biri müraciət etdi ki, pandemiyanın bu vəziyyətində yarışı keçirmək məcburidirmi? Təklif etdilər ki, bəlkə yarımçıq saxlayasınız, keçirməyəsiniz.

Digər iki klubun da nümayəndəsi bu fikrə dəstək oldu. İclasda bildirdilər ki, məsələyə baxacağıq. Sonra bizə məktub göndərdilər ki. UEFA İcraiyyə Komitəsində müzakirə aparacaqlar.

Müzakirələrin nəticəsində bu qərar verildi. Belə təxmin edirəm ki, Avropanın top-5 ölkələrində sərhədlər baxımından müəyyən problem olduğundan və yarış onlara elə də maraqlı gəlmədiyindən, UEFA belə qərar qəbul edib".

"Qəbələ"nin U-19 komandası martın 4-də UEFA Gənclər Liqasının 1/32 finalında Şimali Makedoniyanın "Şkendiya" komandası ilə üz-üzə gəlməli idi.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı