"Daha keyfiyyətli ola bilərik" - Elmar Baxşıyev

14 Fevral 2021 17:40 Qəbələ 547
"Daha keyfiyyətli ola bilərik" - Elmar Baxşıyev

“Ağır oyun gözləyirdik, bunu da gördük”.

Sportinfo.az xəbər verir ki, bunu “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının XV turunda “Keşlə”ni evdə 2:0 hesabı ilə məğlub etdikləri oyundan sonra mətbuat konfransında deyib.

41 yaşlı mütəxəssis bildirib ki, rəqib bir az güc futboluna üstünlük verən komandadır: "Hər zonada təzyiq edirdilər. “Qarabağ”a məğlubiyyətdən sonra komandanı toparlamağa çalışdıq. Oyuna hazırlığımızı yüksək motivasiyada davam etdirdik. Futbolçuların istəkli olmasını və matça tam motivasiya olunduqlarını məşqlərdə də hiss edirdik. Nəticədə məzmunlu oyunla 3 xal qazandıq”.

Baxşıyev vaxtilə “Qəbələ”də işləmiş həmkarı Sənan Qurbanovla bağlı fikirlərini də bölüşüb: “Rəqibin baş məşqçisinin Sənan Qurbanov olması heç bir prinsipiallıq daşımırdı. Ona uğurlar arzulayırıq, inanırıq ki, yaxşı komanda formalaşdıra biləcək. Bacarığı var, üzərinə düşəni artıqlaması ilə edib “Keşlə”ni yeni bir səviyyəyə qaldıracaq”.

Baş məşqçi “Qarabağ”la kubok matçı istisna olmaqla, ümumilikdə uğurlu çıxış etdiklərini düşünür: “İşimizi sırf irad üzərində qurmamışıq. İradımız yalnız ondan ibarətdir ki, futbolçular məşq prosesində daha məsuliyyətli olsunlar, verilən tapşırıqları yerinə yetirsinlər. “Qarabağ”la ölkə kubokunun cavab oyununda oyunumuz bir az sönük idi. Amma komandamın ümumi çıxışından və matçlara yanaşmasından razıyam. Bu hələ bizim maksimum gücümüz deyil. Hücum planında daha keyfiyyətli ola bilərik".

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!