Heydərov ailəsinin əlini çəkdiyi "Qəbələ"ni xilas etməyin yolu

7 Fevral 2021 16:00 Qəbələ 2 147
Heydərov ailəsinin əlini çəkdiyi "Qəbələ"ni xilas etməyin yolu

«Bakı», ardınca «Xəzər Lənkəran», indi də «Qəbələ»…

Klub olmaq üçün uzunmüddətli yol keçən sonuncu mogikan artıq sıralarımızı tərk edir. Təəssüflənirik, amma təəccüblənmirik.

«Qəbələ»nin dayaqları 4 ildir zəifləməkdədir. Hər ötən il bu klubu bir qədər də geri atır, hədəf və məqsədlərindən uzaqlaşdırır.

Kəmaləddin Heydərovdan qaynaqlanan problemlər ailə şirkətinə bağlı «Qəbələ»ni süqutun biraddımlığına sürükləyib.

Bundan o tərəfə sıldırım qaydalar və uçurumdur. Geri dönüş isə… Mövcud yanaşma ilə qeyri-mümkündür.

Asan gəlir mənbələrini itirən ailə şirkəti 2 mövsümdür ki, «Qəbələ»yə faktiki olaraq qəpik-quruş ayırır. AFFA cari sezon üçün 1,5 milyon manat ianə ayırmasaydı, əyalət klubu Premyer Liqadan çəkilmək məcburiyyətində qalacaqdı.

Burada sabahlar ümidsiz və qorxulu açılır. «Gilan»ın buy ay «Qəbələ»dən tamamilə əlini çəkməsi gözlənilir. AFFA isə maliyyə yardımının davamlı hal almayacağını bəribaşdan elan edib.

Deməli, süni nəfəsalma aparatına qoşulmuş təsiri bağışlayan «Qəbələ»nin «koma»ya düşmək narahatlığı ciddidir. Belə bir vəziyyətdə 15 illik yatırımın boşa getməsini əlacsız şəkildə izləmək məcburiyyəti yaranacaq bizdə.

Çün Heydərovlar ailəsinin qurub-yaratdıqları infrastrukturu AFFA-nın nəzarətinə verəcəyi az inandırıcıdır. Bu iş havayı olmaz, quru sözlə başa gəlməz.

«Gilan» balansındakı əmlakdan imtina edərsə,bunu mütləq müəyyən bir məbləğin qarşılığında edər. Qapıları açıb deməyəcəklər ki, hə, gəlin, nə varsa, hamısı sizin olsun.

Sərfiyyat böyükdür, çox böyük. On milyonlarla dollar gedib arada. AFFA da bu qədər vəsaiti ödəyən deyil. O

halı yoxdur indi AFFA-nın. SOCAR-ın yönətiminə yeni insanlar gəlib, bundan belə, hər qəpiyin hesabatı istəniləcək, kimdir «Gilan»ın tələb və şərtlərini qəbul edən..?

«Qızıl orta»… Bu, ötən yaydan bəri tətbiq olunan mexanizmi bir qədər də inkişaf etdirmək olar. AFFA bazadan, stadionlardan gözünü çəkib, klubun idarəçilik strukturuna öz kadrlarını yerləşdirməklə kifayətlənməlidir.

Belə olsa, bəlkə «Gilan» kluba ayırdığı qəpik-quruşu da kəsməz, utanar. Bu gün üçün o 300-500 min dollara da «Qəbələ»nin ehtiyacı böyükdür, müəyyən problemləri həll edir.

Daha həmin dövr deyil, «su gələn arxa bir də gələr» məsələnə bel bağlayaq, ümidlənək. Futboldan gedən birdəfəlik gedir, bir də arxasına boylanmır.

«Bakı»nı, «Xəzər Lənkəran»ı itirdiyimiz kimi. «Qəbələ»nin boşluğunu doldurmaq daha çətin, hətta deyərdik ki, mümkünsüzdür.

Xəxər Hikmət

Digər Xəbərlər
Xəbər Lenti