Qurban Qurbanov indiyə qədər belə vəziyyətə düşməmişdi

19:40 Qarabağ 220
Qurban Qurbanov indiyə qədər belə vəziyyətə düşməmişdi

“Qarabağ” son illərdə ən çətin vəziyyətlə üzləşib.

Üç cəbhədə - Çempionlar Liqası, Premyer Liqa, Azərbaycan kuboku – mübarizə aparan “köhlən atlar”ın nəfəs almağa vaxtı yoxdur. Sıx qrafik komandanın “nəfəsini kəsib”.

Söhbət təkcə təqvimin sıxlığından yox, həm də səfərlərdən və gərginlikdən gedir.

Azərbaycanın Avropadakı layiqli təmsilçisi qısa vaxt ərzində İngiltərəyə gedib-qayıtmalı, iki dəfə Şamaxıda oynamalı, bir dəfə Qubaya getməli, derbidə “Neftçi”nin önünə çıxmalıdır.

Təsəvvür edin, yanvarın 28-də İngiltərədə “Liverpul”un qonağı olan ağdamlılar bundan 3 gün sonra, dəqiq desək, fevralın ilk günündə Premyer Liqanın 18-ci turu çərçivəsində çempionluq yolundakı əsas rəqiblərindən “Turan Tovuz”la qarşılaşdı.

Bundan 4 gün sonra – fevralın 5-də Şamaxıya yollanaraq şaxtalı və dumanlı havada, üstəlik, süni meydanda yerli komandanın qonağı oldu.

Fevralın 10-da Şamaxıya növbəti səfər var. Bu dəfə Premyer Liqanın 19-cu turunda münasibətlərə aydınlıq gətirmək üçün.

Fevralın 14-də “Qarabağ” Qubaya yollanmalı, yararsız meydanda “İmişli” ilə üz-üzə gəlməlidir.

Fevralınm 18-də Tofiq Bəhramov adına Respublika stadionunda “Nyukasl”la ilk matça çıxmalıdır.

Bundan 3 gün sonra – fevralın 21-də “Palms Sports Arena”da “Neftçi” ilə Azərbaycan derbisi reallaşmalıdır.

Əzəli rəqibi ilə görüşün ertəsi İngiltərəyə uzun səfər edəcək “köhlən atlar” fevralın 24-də “Nyukasl”la cavab matçı keçirməlidir.

Martın 1-də isə yekun nəticəsi böyük həvəslə gözlənilən “Qarabağ” – “Sabah” duelinin keçirilməsi nəzərdə tutulub.

Beləliklə, Azərbaycan çempionu fevralın 1-dən martın 1-nə qədər olan müddətdə, yəni 29 gün ərzində 5-i Premyer Liqada, 2-si Çempionlar Liqasında, 1-i Azərbaycan kubokunda olmaqla, ümumilikdə 8 görüş keçirməlidir.

Qurban Qurbanovun “Qarabağ” karyerasında daha ağır sınaqlar olub. Lakin belə vəziyyətlə - sıx qrafiklə üzləşib, heyət qurmaq, rotasiyalar etmək, futbolçuları qorumaq barədə narahatlıq yaşaması ilk dəfədir.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti