Almaniyalı məşhur “Qarabağ”ı qorxutdu: “Mənim proqnozum və gözləntim belədir”

20:20 Qarabağ 272
Almaniyalı məşhur “Qarabağ”ı qorxutdu: “Mənim proqnozum və gözləntim belədir”

“Avrokuboklarda əldə olunan nəticələr “Qarabağ”ın formalaşmış və oturuşmuş kollektiv olduğunu təsdiqləyir”.

Sportinfo.az xəbər verir ki, bu sözləri Almaniya millisinin sabiq futbolçusu, 2002-ci ildə yığmanın heyətində dünya çempionatının gümüş medalını qazanan Torsten Frinqs deyib.

Ölkəsində “Bavariya” və “Borussiya Dortmund” komandalarının formasını geyinmiş keçmiş yarımmüdafiəçi Azərbaycan çempionunun bu mövsüm Çempionlar Liqasının əsas mərhələsində “Ayntraxt”ı məğlub etməsini diqqətəlayiq nəticə kimi qiymətləndirib:

“Komanda barədə ətraflı məlumatım olmasa da, avrokuboklarda əldə etdikləri uğurlar onların yaxşı formalaşmış kollektiv olduğunu göstərir. Görünür, orada düzgün iş aparılır.

Futbolda nəticəni çox vaxt xırda detallar müəyyənləşdirir. Düzgün yanaşma ilə hər bir komanda sürpriz edə bilər”, - deyə o, AZƏRTAC-a açıqlamasında deyib.

“Qarabağ”ın pley-offda “Nyukasl” ilə keçirəcəyi oyunlara da toxunan T.Frinqs Ağdam təmsilçisinin növbəti mərhələyə yüksəlməsinin çətin olacağını qeyd edib:

“Düşünürəm ki, “Nyukasl”ı məğlub etmək “Qarabağ” üçün asan olmayacaq. Mövcud şərtləri nəzərə alsaq, 1/8 finala İngiltərə təmsilçisinin vəsiqə qazanması daha real görünür.

Mənim proqnozum və gözləntim belədir. Bundan əlavə, uzaq məsafəli səfərlər qonaq komandalar üçün həmişə çətin olur. Qarşıdakı oyunlar hər şeyi göstərəcək”.

Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları fevralın 17-18-də, cavab matçları isə 24-25-də təşkil olunacaq. “Qarabağ” “Nyukasl”la ilk görüşü Bakıda keçirəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti