Bəhlul Mustafazadənin gələcək karyerasına fevralın sonunda aydınlıq gələcək.
Bu barədə “Qarabağ“dan redaksiyamıza məlumat daxil olub.
Saytımıza verilən informasiyaya görə, Çindən təklif alan müdafiəçinin taleyi “Nyukasl“la matçların nəticəsindən asılıdır.
Çempionlar Liqasının pley-off mərhələsinin ilk matçı fevralın 18-də, saat 21:45-də Bakıda, cavab qarşılaşması isə fevralın 24-dən 25-nə keçən gecə, saat 00:00-da İngiltərədə baş tutacaq.
Məhz bu görüşlərdən sonra bilinəcək ki, Bəhlul Asiyanın yolunu tutacaq, ya yox.
Artıq “Şençjen Penq Siti”nin ona etdiyi təklifin bəzi detalları məlum olub.
Çin Super Liqasında mübarizə aparan klub 29 yaşlı futbolçu ilə 2+1 illik müqavilə bağlamağı planlaşdırır.
Onlar hər mövsümə görə 1 milyon avro əməkhaqqı ödəməyə hazırdır.
Komanda ölkə çempionatında uğur qazanarsa, millimizin oyunçusuna əlavə bonuslar ödəniləcək.
Asiyalılar bu keçidin baş tutmasından ötrü təzminat ödəməyə hazırdır. Onların «Qarabağ»a ödəmək istədiyi məbləğ də 1 milyon avrodur.
2017-ci ildə yaradılan “Şençjen Penq Siti” ilk ilində Həvəskarlar Liqasından II Liqaya yüksəlib. Orada da iki mövsüm çıxış edən komanda 2020-ci ildə I Liqaya vəsiqə əldə edib.
“Şençjen Penq Siti” 2023-cü ildə I Liqanın çempionu kimi Super Liqaya adlayıb. 16 komandalı çempionatda 2024-cü ildə 14-cü, 2025-ci ildə isə 12-ci yeri tutub.
Çin millisinin sabiq futbolçusu Çen Taonun baş məşqçilik etdiyi “Şençjen Penq Siti”də əsasən yerli oyunçular çoxluq təşkil edir. Komandada həmçinin 2 braziliyalı və 1 israilli var.
«Qarabağ»la hələ ilyarımlıq müqaviləsi olduğu halda, Bəhlul yenə Asiyaya yollanmaqda israrlıdır. “Şençjen Penq Siti”nin təklifi ona çox cəlbedici gəlib.
O, “Ayntraxt”la matçdan sonra bu niyyətini dilə gətirib. Karyerasını ölkə xaricində davam etdirməyin həm özü, həm də klub üçün xeyirli olacağını söyləyib.
Çində “transfer pəncərəsi“ martın 5-də bağlanacaq. “Şençjen Penq Siti” 1 aydan çoxdur Bəhlulun gəlişini gözləyir.
“Qəbələ”nin yetirməsi “Qarabağ“ın qitənin ən mötəbər yarışında çıxışını davam etdirməsi səbəbindən komandanı yolun ortasında tək buraxıb getməyi özünə yaraşdırmayıb.
Klub rəhbərliyi və baş məşqçi Qurban Qurbanovun onun üzərində haqqını itirmək istəməyib.
SPORTİNFO.AZ

