Messinin borcu qaytarıldı, bəs "Qarabağ"?

20:40 Qarabağ 189
Messinin borcu qaytarıldı, bəs "Qarabağ"?

Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edən “Qarabağ”ı qarşıdakı 19 gündə çox ağır qrafik gözləyir.

5 fevral ölkə kubokunun 1/4 final mərhələsində "Şamaxı"ı səfərində meydana ayaq basan Ağdam klubu 5 gün sonra Premyer Liqa oyunu çərçivəsində təkrar Şamaxıya səfər etməli olacaq.

14 fevral "İmişli" üçün Qubaya qonaq gedəcək "kəhər atlar"ın növbəti rəqibi 4 gün sonra "Nyukasıl" olacaq.

"Sağsağanlar"la matçdan 67 saat sonra Qurban Qurbanov komandasını "Neftçi" ilə matç gözləyir.

"Ağ qaralar"la görüşün final fitindən 75 saat sonra "Qarabağ"ın futbolçuları "Ceyms Park"da meydana ayaq basmalıdır.

Yolda keçəcək vaxtı kənara qoysaq, faktiki ingilislərlə oyuna "Qarabağ"ın hazırlaşması üçün heç 2 sutka da vaxtı qalmayacaq.

Burada məsələ təkcə ağır qrafik deyil, həm də ağır səfərlərdi.

İki dəfə Şamaxı, bir dəfə Qubaya...

Məsafələr nisbətən uyğundur, faciə meydanlarla bağlıdır.

Şamaxı şəhər stadionu süni örtüklü meydandı. Uzun müddətdir istifadə olunan xalça heç də ideal durumda deyil.

Quba Olimpiya Kompleksinin stadionundan isə kitab yazmaq olar. Artıq bura "palçıq meydança" kimi ölkədə ad çıxarıb.

Düzdü, rəqibin də qrafiki ağırdı. Amma oyunları belə meydanlarda keçirilmir.

Ümumiyyətlə, müqayisə uğursuzdur.

Şərtlərin "Qarabağ" üçün çox ağır olduğu aydın görünür.

Liverpul səfərində 0:6 hesablı məğlubiyyət yaşandı.

"Nyukasıl"da faciənin miqayası daha böyük ola bilər. Belədə tək "Qarabağ" adı yox, həm də ölkəmizin adı üçün xoş olmayan tabloya şahidlik etmiş olacağıq.

Belə gündə ağıl qoymaq, yol göstərmək yox, dəstək olmaq daha yaxşı olardı.

Hə, hansısa klub buna məhkum deyil.

Hər birinin öz müstəqil siyasəti, tələbləri, hədəfləri var.

Elə belə də olmalıdır!

Lakin əksini etmək də qəbahət sayıla bilməz.

Axı yazılmamış o qədər qanunlar var ki...

Bu da onlardan biri...

Məsələn, bir ara məşhur deyim vardı - futbolun Messiyə dünya çempionluğu borcu var.

Təbii ki, hüquqi müstəvidə yazılan hansısa qanun deyildi, amma Messinin etdiklərinə görə futbolsevlər bunu mənəvi borc hesab edirdi.

Bu gün Azərbaycan futbolunun, klublarının da etdiklərinin qarşılığında "Qarabağ"a borcu az deyil.

Təbii ki, mənəvi müstəvidə...

Dünya futbolu Messinin borcunu qaytardı, amma Azərbaycan futbolu "Qarabağ"a mənəvi borcunu qaytara bilmir.

Söhbət ölkəmizi illərdi təkbaşına Avropada təmsil edən, çulumuzu sudan çıxaran, futboldakı nüfuzumuzun yerlə yeksan olmasına imkan verməyən klubumuzdan gedir.

Söhbət təkbaşına Avropa ölkələri arasında klub reytinqində ölkəmizi təkbaşına çiyinlərində daşıyan klubumuzdan gedir.

Söhbət UEFA-dan digər 11 klubumuz üçün də milyonlar qazanan klubumuzdan gedir.

Siyahını o qədər uzatmaq olar ki...

XANOĞLAN İMANOV

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti