Müəmmalı situasiya - Hamı “Qarabağ”a qarşı birləşib?

14:00 Qarabağ 663
Müəmmalı situasiya - Hamı “Qarabağ”a qarşı birləşib?

Azərbaycan futbolu adına ümidlə girdiyimiz 2026-cı ilin startında vizə məyusluq yaşadan paradoks yaşayırıq:

Avropada bizi təmsil edən, ölkənin adını futbol xəritəsində saxlayan komanda daxildə ən ağır şərtlərlə üz-üzə qalır.

Bu, konkret klub problemi deyil. Bu, futbol sisteminin öz lokomotivinə, güclü tərəfinə münasibət, yanaşma problemidir.

Qarşıdakı bir ay ərzində “Qarabağ” demək olar fasiləsiz və yüksək riskli qrafikə daxil olur: aşağı kefiyyətli süni örtüyə malik Şamaxı stadionunda eyniadlı komandaya qarşı ardıcıl iki oyun (5 və 10 fevral), faktiki olaraq yararsız vəziyyətdə olan, həvəskar futbolçuların belə oynamaqdan çəkindiyi, bataqlığı xatırladan

Quba stadionunda “İmişli” səfəri (14 fevral), ardınca Azərbaycan futbolunun tarixinə düşəcək, futbolumuzun doğulduğu gündən bu yana gördüyü ən zirvə qarşılaşma - Çempionlar Liqasının pley-off mərhələsində “Nyukasl”a qarşı ev oyunu (18 fevral), bu vacib prosesin ortasında ölkə derbisi adlandırılan “Neftçi” – “Qarabağ” səfər matçı (21 fevral), ardınca uzaq İngiltərə - Nyukasl səfəri (24 fevral) və bəlkə də ölkə çempionluğunun taleyinə böyük ölçüdə təsir edəcək “Qarabağ” – “Sabah” matçı (1 mart). Fevralın 5-də başlayıb martın 1-də bitən, cəmi 25 günə sığan ağır marafon, 5 səfər 2 ev oyunu.

Bu qrafikin həyata keçirilməsi üçün ölkə futbolunun təklif etdiyi şərait təkcə fiziki risklər yaratmır, məntiqi baxımdan da suallar doğurur.

Kefiyyətsiz süni örtükdə, əkin sahələrini xatırladan meydançalarda oynamaq artıq idman mübahisəsi yox, peşəkar futbolun təhlükəsizlik məsələsidir.

Avropanın ən üst səviyyəli turnirində çıxış edən futbolçuların belə şəraitdə oynaması zədələnmə riskini artırır, oyun keyfiyyətini aşağı salır və bizi əsas məqsədimizdən - Avropa uğurlarından uzaq salır.

Bu kontekstdə bir sual qaçılmazdır: İllərdir ölkəmizi Avropada layiqincə təmsil edən, bayrağımızı və Azərbaycanımızı tanıdan “Qarabağ” niyə ölkə futbolu üçün çox vacib oyun öncəsi minimum standartlara belə cavab verməyən meydançalara uyğunlaşmalı olur və ya məcburi uyğunlaşdırılır?

“İdman prinsipi” arqumenti doğrudanmı prinsipdir?

Oyunların təxirə salınması, oyunların məkanlarının dəyişdirilməsi ilə bağlı müzakirələrdə tez-tez eyni arqument səslənir: “İdman prinsipləri pozula bilməz.” Amma Avropa futboluna baxdıqda görürük ki, idman prinsipi təkcə təqvimə mexaniki əməl etmək deyil.

İngiltərə, Almaniya, İtaliya kimi ölkələrdə öncə futbol oynamaq üçün vacib şərtlər təmin olunur, avrokuboklarda oynayan klubların daxili oyunları mütəmadi şəkildə qrafikə uyğunlaşdırılır. Bu, hansısa kluba güzəşt deyil.

Bu, ölkə futbolunun maraqlarının qorunması, davamlı inkişafa verilən töhvədir.

Çünki həmin klubların qazandığı hər xal, keçdiyi hər mərhələ ölkənin futbolunun reytinqinə, maliyyə imkanlarının genişlənməsinə və nüfuzuna xidmət edir.

“Qarabağ” Avropada nə qazandırır?

“Qarabağ”ın Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanması yalnız bir klubun uğuru deyil. Bu:

• Azərbaycan klublarının ümumi UEFA reytinqinə təsir edir;

• Digər klublarımız üçün daha rahat avrokubok yolları açır;

• Ölkə futbolunu Avropa və dünya miqyasında tanıdır;

• Klublarımızın və futbol ekosisteminin maliyyə gəlirlərini artırır (bu il Azərbaycan Premyer Liqasında çıxış edən hər klub “Qarabağ”ın Çempionlar liqasının liqa mərhələsinə vəsiqə qazanmasına görə təxminən 1 milyon manat gəlir əldə edəcək)

Yəni bu uğurun dividendləri bütün futbol ailəsinə yayılır. Amma hazırkı durumda görünən odur ki, yük uğurun paylaşıldığı kimi paylaşılmır.

Daxili rəqabət, yoxsa strateji düşüncə?

“Neftçi”nin “Qarabağ”la oyunun təxirə salınması müraciətinə neqativ cavab verməsi onun hüquqi seçimidir. Amma ortaya çıxan durum jurnalist sualını çərçivələyə bilməz - Cənablar, məsələləyə etik və stratejik yanaşmaq olmazdımı?

Daxili rəqabət hər zaman olacaq. Amma bu rəqabət ölkə futbolunun beynəlxalq maraqları ilə toqquşanda, sual yaranır: biz lokal və qısamüddətli üstünlüyü, yoxsa qlobal uzunmüddətli qazancı seçirik?

Çempionlar Liqası kimi turnirdə Avropanın öncül klubları ilə mübarizədə təslim olmayan, bütün proqnozların əksinə 10 xal toplayaraq pley-offa vəsiqə qazanan və hələ də döyüşməyə davam edən, ölkə futbolunun bayrağını inamla daşıyan komandanın hazırlığına zərər vurmaq kimin xeyrinədir?

Bu gün sadalanan problemlərlə “Qarabağ” qarşılaşırsa, sabah Avropada mübarizəyə qoşulacaq başqa klublarımız da eyni vəziyyətə düşəcək. Çünki problem adlarda yox, yanaşmadadır.

Əgər ölkə futbolu özünü doğruldan, dəfələrlə Avropa arenalarında sübut edən “Qarabağ”ı, Prezidentimizin deyimi ilə desək Flaqmanımızı belə vacib oyun öncəsi dəstəkləməyi bacarmırsa, Avropadakı uğurlarımız strategiyanın bir parçasına yox, təsadüfə çevriləcək.

Son sual

Biz Avropada uğur qazanan Azərbaycan futbolu istəyirik, yoxsa Avropada mübarizə aparanı daxildə ən ağır şərtlərlə sınağa çəkən bir yanaşmanın tərəfdarıyıq?

Bu sualın cavabı təkcə “Qarabağ”ın yox, Azərbaycan futbolunun gələcəyini müəyyən edəcək.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti