Çempionlar Liqasında tarix yazan "Qarabağ" yenidən İngiltərəyə səfər etməli olacaq.
Budəfəki rəqib 711 milyon avro büdcəsi olan "Nyukasıl"dır.
"Kəhər atlar" canlı əfsanə Alan Şirerin formasını geyindiyi klubla ilk dəfə üz-üzə gələcək. Düzdü, "sağsağanlar" nə "Liverpul"du, nə də "Çelsi".
Amma buna rəğmən indidən deyə bilərik ki, Ağdam klubunu çox ağır iki görüş gözləyir.
"Nyukasıl" 4 qat Premyer Liqa çempionu, 6 qat İngiltərə kubokunun sahibi, iki dəfə İngiltərə super kubokunun qalibidir. Bu kollektivin Premyer Liqa iştirakçısı olması bəs edir, digər uğurlarına diqqət ayırmasaq da olar.
"Nyukasıl"ın ev oyunlarını keçirdiyi "James Park" bizə tanış ünvandır. 21 əvvəl məhz bu arenada Azərbaycan millisi İngiltərəyə 0:2 uduzub. Hazırda "Qarabağ"ın baş məşqçisi olan Qurban Qurbanov həmin oyunda futbolçu kimi meydanda olub.
Heyətində 75 milyon avro dəyərində olan Sandro Tonali, Bruno Guimaraes kimi adlar yer alır.
Adıçəkilənlər komandanın ən bahalı futbolçuları hesab olunur. Xüsusilə kapitan Bruno komandanın döyünən ürəyi hesab olunur.
2021-ci ildə 48 yaşlı mütəxəssis Eddi Hovenin gəlişindən sonra klub yüksəlişdədir.
Uzun aradan sonra Çempionlar Liqasına qayıdan sağsağanlar liqa mərhələsini 14 xalla 12-ci pillədə tamamlayıb.
17 qol vuran hücum xətti məhsuldarlığa görə 36 komanda arasında 8-ci sırada yer alır.
4 görüşdə qol buraxmayan, digər 4 matçda qapısında 7 qol görən "Nyukasıl"ın müdafiə xətti etibarlılığına görə yalnız "Arsenal"dan geri qalır. Mikel Artetanın yetirmələri qapısından cəmi 4 top buraxıb.
Liqa mərhələsində "Barselona"ya evdə 1:2, səfərdə "Marsel"ə eyni hesabla uduzan kollektivin hesabında 4 qələbə var.
Həmin rəqiblərdən ikisi "Qarabağ"a yaxından tanışdır.
Ağdam klubunun liqa mərhələsində səfərdə 3:2 məğlub etdiyi "Benfika"ya "Nyukasıl" evdə 3:0, səfərdə 3:1 uduzduğu "Atletik"ə isə 2:0 hesabı ilə qalib gəlib.
Digər 2 qələbə isə İngiltərədə PSV üzərində 3:0, Belçikada Union önündə 4:0-lıq darmadağınla gerçəkləşib.
Çempionlar Liqasının son qalibi PSJ ilə evdə 1:1 hesablı bərabərlik yadda qalan Eddi Hovenin yetirmələri Almaniyada "Bayer Leverkuzen"lə 2:2 hesablı heç-heçəyə razılaşıb.
Klub Premyer Liqada bu mövsüm 23 turdan sonra 33 xalla 9-cu pillədə yer alır.
İlk dördlükdən cəmi 5 xal geri qalır.
İlk baxışdan püşkün üzümüzə güldüyünü demək olar. Hamının qorxduğu Fransa çempionunun bizə rəqib olmaq ehtimalı idi. Hər halda, PSJ-dənsə "Nyukasıl" nisbətən daha uyğun rəqibdir.
Amma yuxarıdakı faktlar da göstərir ki, işimiz yenə asan olmayacaq.
Cütün favoriti birmənalı olaraq ingilislərdir.
Amma evdə oynanılacaq ilk oyunda Qurban Qurbanovun komandası sürpriz edə bilər. Doğma meydan, doğma publikadan güc almaqla.
Əlavə edək ki, "Qarabağ" "Nyukasıl"dan əvvəl İngiltərə klublarından Liverpul, "Arsenal", Çelsi və Tottenhem"lə də üz-üzə gəlib.
Təəssüf ki, səfərdə baş tutan bütün görüşlərdə məğlub olmaqla kabus yaşayıb. Evdəki matçlarda isə yalnız bu mövsüm "Çelsi"dən xala almaqla (2:2) yadda qalıb.
Görəsən, bu dəfə tilsimi qırmaqla qisas almaq mümkün olacaqmı?
Bunu fevralın 18-24 aralığındakı 1 həftədə baş tutacaq iki görüş göstərəcək.
XANOĞLAN / SPORTİNFO.AZ

