“Şençjen Penq Siti” Azərbaycan millisinin və “Qarabağ”ın müdafiəçisi Bəhlul Mustafazadənin xidmətində maraqlıdır.
Çin Super Liqasında mübarizə aparan klub 29 yaşlı futbolçuya görə Ağdam təmsilçisi ilə əlaqə saxlayıb.
Asiyalılar bu keçidin baş tutmasından ötrü təzminat ödəməyə hazırdır. Onların ödəmək istədiyi məbləğ isə 1 milyon avrodur.
2017-ci ildə yaradılan “Şençjen Penq Siti” ilk ilində Həvəskarlar Liqasından II Liqaya yüksəlib. Orada da iki mövsüm çıxış edən komanda 2020-ci ildə I Liqaya vəsiqə əldə edib.
“Şençjen Penq Siti” 2023-cü ildə I Liqanın çempionu kimi Super Liqaya adlayıb. 16 komandalı çempionatda 2024-cü ildə 14-cü, 2025-ci ildə isə 12-ci yeri tutub.
Çin millisinin sabiq futbolçusu Çen Taonun baş məşqçilik etdiyi “Şençjen Penq Siti”də əsasən yerli oyunçular çoxluq təşkil edir. Komandada həmçinin 2 braziliyalı və 1 israilli var.
«Qarabağ»la hələ ilyarımlıq müqaviləsi olduğu halda, Bəhlul yenə Asiyaya yollanmaqda israrlıdır. “Şençjen Penq Siti”nin təklifi ona çox cəlbedici gəlib.
O, “Ayntraxt”la matçdan sonra bu niyyətini dilə gətirib. Karyerasını ölkə xaricində davam etdirməyin həm özü, həm də klub üçün xeyirli olacağını söyləyib.
SPORTİNFO.AZ

