"Qarabağ" Çempionlar Liqasında tarix yazmağa davam edir.
"Kəhər atlar" 8 turluq liqa mərhələsini 22-ci pillədə bitirərək pley-off mərhələsinə vəsiqə qazandı.
Bu, futbol tariximizdəki ən böyük uğurdu.
Ağdamlılar əldə olunan nailiyyət yolunda az əziyyət çəkmədi.
Portuqaliyada "Benfika" azarkeşlərini ağ bayraq qaldırmağa məhkum etdi.
Evdə "Kopenhagen" və "Ayntraxt"ı xalsız yola saldı.
Son dünya çempionu "Çelsi" də Qurban Qurbanovun komandası önündə çarəsiz duruma düşdü.
Son dəqiqələrdə məğlub olmadığı üçün Bakıdan apardığı 1 xala sevinməli oldu.
Amma təəssüf ki, bu cür fantastik çıxışın yekunu "Enfild Rould"dakı matçla bağlandı.
Bəli, rəqibin gücü hamımıza məlumdur. İngiltərə nəhənginə məğlubiyyətə görə Ağdam klubunu kimsə qınaya bilməz.
Ən azı ədalətli olmaz.
90 dəqiqəni izləyənlər arada nə qədər ciddi uçurum olduğunu gördük.
Bütün bunları hamımız yaxşı bilir, görürük.
Amma həm də çox üzülürük. Ki, 7 turda ən pis halda ləyaqətli mübarizəsi ilə yadda qalan kollektivə Liverpuldakı darmadağın yapışmadı.
Son dəqiqələrdə Qurban Qurbanovun simasındakı böyük məyusluğu da buna görə idi.
Təslim olmağı sevməyən təcrübəli mütəxəssis dişsiz mübarizəni futbolçularına yaraşdırmadı.
Hətta tarixi uğurun gətirdiyi xoşbəxtlik də bu hirsi aradan apara bilmədi.
XANOĞLAN / SPORTİNFO.AZ

