“Qarabağ”ın Çempionlar Liqasındakı uğuru Britaniya mətbuatının diqqətindən yayınmayıb.
Ağdam klubu Liqa mərhələsinin son turunda “Liverpul”a böyük hesabla (0:6) məğlub olmasına baxmayaraq, pley-offa yüksəlməyi bacarıb.
Sportinfo.az xəbər verir ki, Britaniyanın yüksək nüfuzlu nəşrləri Azərbaycan çempionunun stabil çıxışını və ildən-ilə daha uğurlu nəticələr əldə etməsini baş məşqçi Qurban Qurbanovla əlaqələndiriblər.
Xüsusən də “Guardian” Qurbanovu bir neçə məşhur çalışdırıcı ilə müqayisə edib. 53 yaşlı mütəxəssis stabillik baxımından hətta Pep Qvardiola, Joze Mourinyo, Yurgen Klopp kimi adlı-sanlı məşqçilərdən də üstün hesab olunub.
Nəşr onu “Mançester Yunayted”in sabiq baş məşqçisi ser Aleks Ferqyusona bənzədib:
“Qurban Qurbanov 2008-ci ildə hələ gənc və təcrübəsiz ikən “Qarabağ”ın sükanı arxasına gətirilib. Artıq 18 ildir ki, Ağdam klubuna rəhbərlik edir və komandanı uğurdan-uğura daşıyır.
Onu bir növ Aleks Ferqyussona bənzətmək olar. Komandanın pley-offa qədər irəliləməsi Azərbaycan futbolu adına tarixi zəfərdir".

