İlk qola kimi oyunun axarı ev sahiblərinin böyükhesablı qələbəsindən xəbər vermirdi.
«Qarabağ» dahda istəkli, daha cəlbedici görünürdü.
«Liverpul»un ard-arda gələn iki qolu çayın məcrasını necə sürətlə dəyişdisə, «Qarabağ»ın birinci və ikinci zonada buraxdığı səhvlərin miqyası da ölçü tanımadı.
Orta sahədə itirilən hər top Mateuş Koxalskinin qapısı istiqamətində səlib yürüşünə səbəb oldu. Onlar qarşısıalınmaz idi!
Bir neçə aparıcı futbolçusunun müxtəlif səbəblərdən yoxluğuna rəğmən, «Liverpul» əlindəki heyətlə dünyanın ən güclülərindən biri olduğunu gözlər önünə sərdi.
Məhəmməd Salahın cərimə vuruşuyla toru silkələdiyi epizodu bir daha xatırlayaq və məclisi bağlı elan edək. O ayaqlar «Qarabğ»da yoxdur.
Olması üçün 1-2 milyonluq, hətta 5-10 milyonluq transferlər yetərsizdir. «Liverpul»un ən ucuz futbolçusu həftəyə 200-300 min funt-sterlinq maaş alır,
«Qarabağ»ın o tərəfə boylanması dünyasında mümkün deyil. «Liverpul» çapında rəqiblə səfərdə, heç olmasa, yarım saat döyüşmək istəyirsənsə, sənin komandanın oyunçu dəyəri yarım milyard avrodan aşağı olmamalıdır.
Ki, «Allah-Allah» deyə-deyə, nəyəsə ümid bəsləyəsən.
Oysa, «Qarabağ»…
Qurban Qurbanov 25 milyon manat/dollarlıq büdcəylə «Qarabağ»ı Çempionlar Liqasının ilk «24-lüy»ünə daşıyıbsa, bu, həqiqəti şücaətdir.
Bu komanda pley-off mərhələsinə vəsiqə qazanıbsa, baş məşqçi və korpusu inanılmaz qəhrəmanlıq göstərib demək.
ELNUR

