Çempionlar Liqasının Liqa mərhələsinin sonuncu turunda “Liverpul”a 0:6 hesabı ilə uduzan “Qarabağ” pley-offa yüksəlməyi bacardı.
Azərbaycan futbol tarixində ilkə imza atan “köhlən atlar” “Enfild”dəki yenilgini unutmaqda çətinlik çəkir.
İngiltərədən vətənə qayıdan futbolçuların simasındakı üzgünlük böyük hesablı məğlubiyyətin nəticəsi idi.
Bəzi futbolçular müsahibə verməkdən boyun qaçırsa da, Bəhlul Mustafazadə Sportinfo.az-ın suallarını məmnuniyyətlə cavablandırdı.
Millimizin də şərəfini qoruyan müdafiəçi keçirdiyi hislərdən söz açıb:
“0:6 hesabı ilə uduzub, pley-offa görə sevinmək adama qəribə gəlir. Qarışıq hislər içindəyik. Ağır məğlubiyyət yerinə düşmədi. Lakin pley-offa yüksəlməyin xoşbəxtliyi də var.
Yorğunluq da var, üzgünlük də, sevinc də. Məncə, sevinc hissi daha çoxdur”.
Növbəti mərhələdə “köhlən atlar”ın rəqibi ya PSJ olacaq, ya da “Nyukasl”.
Maraqlıdır, Bəhlul hansı komanda ilə qarşılaşmağı arzulayır?:
“Ümumi götürsək, ikisi də güclü rəqibdir. PSJ Çempionlar Liqasının qalibidir, “Nyukasl” isə son vaxtlar yaxşı nəticələr əldə edir.
Xüsusi seçimim yoxdur. Düşünürəm ki, “Nyukasl”la qarşılaşmaq bizim üçün daha uyğun olar”.
HƏBİB

