Çempionlar Liqasında pley-off mərhələsinə vəsiqə qazanan “Qarabağ” vətənə qayıtdı.
“Liverpul”a 0:6 hesablı məğlubiyyət futbolsevərlərin əhvalını korlasa da, Liqa mərhələsinin keçilməsi üzləri güldürdü. Hər kəs “Nyukasl”, yoxsa PSJ?” sualına cavab tapmağa çalışırdı.
Bu gün səhər saatlarında Heydər Əliyev Beynəlxalq Aeroportunda yaşanan izdihamın səbəbi də elə bu idi.
Liverpul-Bakı istiqamətində hərəkət edən təyyarənin paytaxtımıza eniş saatı 9:30-da nəzərdə tutulsa da, azarkeşlər və media nümayəndələri deyilən saatdan xeyli öncə hava limanına təşrif buyurmuşdu.
Təyyarənin eniş vaxtındakı 1 saatlıq yubanma əhvalımıza təsir etməyə bilməzdi. İş saatı, yağışlı və soyuq hava, üstəlik, əlavə 1 saatlıq intizar.
Çıxış qapılarında “Qarabağ”ın nümayəndələri görünən kimi bir vur-çatlasın başladı ki, gəl görəsən. Jurnalistlər qəhrəmanları sorğu-sual atəşinə tutmaq həvəsi, azarkeşlər isə varlıqlarını göstərmək arzusu ilə İngiltərədən qayıdan kollektivi gülərüzlə qarşıladı.
Təəssüf ki, klub rəsmilərinin, xüsusən də futbolçuların simasındakı görkəm pley-offun sevincindən yox, 0:6-nın kədərindən xəbər verirdi. Yorğunluq və darmadağının məyusluq hissi Azərbaycan futbolundakı tarixi ilki unutdurmuşdu.
Bəlkə də buna görəydi ki, komandanın aparıcı üzvləri – Abdullah Zubirlə Marko Yankoviç müsahibə verməkdən imtina etdi. Hər ikisi tələsdiyini deyib uzaqlaşdı.
“İmarət”in üzvlərinin dəhliz yaradaraq, məşqçi və futbolçu heyətinin adını səsləndirməsi o qədər möhtəşəm görüntüyə səbəb oldu ki, hətta hava limanında olan əcnəbi vətəndaşlar belə, xoş mənzərəni telefonun yaddaşına köçürmək həvəsinə düşdü.
Ortaya çıxan isə “Sportinfo”nun obyektivinə düşən bu görüntülər oldu.
HƏBİB
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

