"Qarabağ" "Kəpəz"lə görüşü "Liverpul"la matça qurban verdi.
Birmənalı olaraq belədir.
Hər halda, Abdullah Zubir, Joni Montiel iştirak ərizəsində belə yer almamışdı.
Halbuki əvvəlki illərdə belə məqamda Qurban Qurbanov ən azı son 15 dəqiqədə Zubiri döyüşə atmaqla oyunun yönünü dəyişə bilirdi.
Görünür, bu dəfə mümkün məğlubiyyət də göz önünə alınmışdı.
Burada fikirlər haçalanır.
Məsələn, bir qisim düşünür ki, onsuz da İngiltərə səfərində "Qarabağ"ın şansı yoxdur. Belədə həmin oyuna köklənib, liqanı arxa plana atmaq doğru deyil.
Qətiyyən vəziyyət belə deyil.
"Liverpul"la oyunu düşünmək o demək deyil ki, oradan qələbə ilə qayıtmağın planları qurulur.
Bir neçə aspektdən məsələyə baxmaq lazımdır.
Uzaq səfər...
"Qarabağ"ı 7 saatlıq yolçuluq gözləyir.
21-i ağır "Ayntraxt"la görüşdən çıxan Zubir 24-ü "Kəpəz"ə qarşı meydanda olub, ardınca 26-sı 7 saatlıq uçuş həyata keçirib "Enfild Rould"da meydana hansı güclə çıxa bilərdi?
Normal insan bədəni bu yükə tab gətirməz.O ki qalmışdı 35 yaşlı Zubir...
Onsuz da normal şərtlərdə rəqiblərdən geri qalırıq. Hələ-hələ İngiltərə nəhəngindən söhbət gedirsə, məsələni çox da uzatmağa lüzum görmürəm.
Belədə Zubirin timsalında əsas heyət üzvlərinin maksimum istirahətə ehtiyacı vardı. Onu da baş məşqçidən aldılar.
Hə, "Qarabağ"ın futbolçuları nə qədər dincəlsə, yorğun olmasa belə şansı yoxdur. Amma ən azı maksimum gücünü meydanda qoymaq imkanlarını da məhdudlaşdırmaq olmaz.
Bəlkə bir bərabərlik əldə olundu?
O da olmasa irhesablı məğlubiyyətə mane olmaq üçün də güc lazımdır. Axı məğlubiyyət də klubun adına, reputasıyasına yaraşan olmalıdır.
Bir başqa məqam da var. Biz bəzi oyunçuların bazara çıxmaq perspektivlərini nəzərə almalıyıq.
Bu gün "Qarabağ"ın oyunçularının 90%-nə Avropadan təklif var.
Həmin futbolçulardan hansısa biri Liverpulda ön plana çıxa bilsə, qiyməti birə-beş artmış olacaq.
Nə xoş "Qarabağ"a, nə xoş həmin futbolçuya.
"Kəhər atlar"a qazandıracaq, özü isə qazanc arxasınca gedəcək.
XANOĞLAN / SPORTİNFO.AZ

