Avropanın gözü "Qarabağ"ın hücumçusunda - "Liverpul"la matç həlledici ola bilər

26 Yanvar 22:20 Qarabağ 279
Avropanın gözü "Qarabağ"ın hücumçusunda - "Liverpul"la matç həlledici ola bilər

Kamilo Duranı Qurban Qurbanovun yeni tapıntısı adlandıra bilərik.

Çempionlar Liqasına vəsiqə qazananda hamını hücumçu dərdi götürmüşdü. Axı yaxşı forvardı olmayan Ağdam klubunun yükünü çiyinlərində kim daşıyacaqdı?

Məhz bu sualların qayğıları arasından Duran çıxdı.

Premyer Liqada kölgədə qalan 23 yaşlı legioner ÇL-də adından söz etdirir. İki yarış arasındakı uçurum səbəbsiz deyil. Yerli matçlarda Qurbanov ona daha çox ikinci kimi güvənir. Arxada qalan 17 turda 16 dəfə meydana çıxıb. Bunun nə az, nə çox 9-da sonradan oyuna daxil olub. Aktivində cəmi 1 qol var.

Amma ÇL-də Kamilo əvəzedilməzdir, qarşısıalınmazdır. Əsas mərhələdəki 7 görüşün hamısında start heyətində yer alıb.

Haqqını isə artıqlaması ilə verib - 4 qol.

Adı bombardirlər cədvəlində belə var.

Adını daha böyük klubların transfer siyahısına saldırması isə an məsələsidir.

Bunun üçün "Benfika" səfərində başlayıb, "Ayaks" və "Ayntraxt"la matçlarda davam etdirdiyi əla performansını "Liverpul"la matçda davam etdirməsi lazımdır.

Hətta "Qarabağ" məğlub olsa belə, kolumbiyalının vuracağı qol(lar) dəyərini birə-beş artırmış olacaq.

Bu baxımdan Duranın "Enfild Rould"da nələr edəcəyi gələcək karyerasına ciddi təsir edəcək.

İndi qalır onun bu cür fürsəti necə dəyərləndirməsi.

Cənubi amerikalının qiymətinin qalxması "Qarabağ"ın da büdcəsini az zəngiləşdirməyəcək.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 Yanvar 18:10 Çək və bizə göndər!