"Qarabağ"ın Çempionlar Liqasında uğurlu çıxışı hamımızı sevindirir.
Avropada ölkəmizin layiqincə təmsil olunması qürurvericidir.
Dünyanın gözünün olduğu bir yarışda təmsilçimizin olması xoşbəxtlikdir. Uğurlu çıxış etməsinin isə izahı yoxdur.
Digər tərəfdən əldə olunan milyonlar "kəhər atlar"ın gələcəyinin sığortasıdır.
Hardan baxsaq, ortada böyük qazanc var.
Amma bu uğurun altında klubu narahat edən məqamlar da yox deyil.
ÇL-də irəlilədikcə itirilən gücün həcmi artır. Oyun sayı artır, səfərlər yorucu olur.
Oyunçular psixoloji, fiziki olaraq parçalanır.
Belədə Premyer Liqada işlər yolundan çıxmağa başlayır.
Ki, çıxıb da.
Artıq "Sabah"la arada 4 xallıq fərq var.
Vəziyyət tədricən nəzarətdən çıxır.
Çempionluğun itirilməsi dünyanın sonu deyil.
Amma növbəti mövsüm avrokuboklarda mübarizəyə ÇL-də başlamamaq ciddi problemdir.
Həm əldə olunan qazanc, həm də yarışın nüfuzu baxımından.
Qurban Qurbanov təcili toxunuşlar etməlidir.
Ki, balans qorunsun. Ağlı ÇL-də, ruhu burada olan oyunçular yuxudan ayılsınlar.
Əks halda, bir neçə ay sonra özlərini ÇL-də görməyə bilərlər.
XANOĞLAN / SPORTİNFO.AZ

