"Qarabağ" üçün gec ola bilər - Qurban Qurbanovun narahatlığı artır...

3 Fevral 23:00 Qarabağ 297
"Qarabağ" üçün gec ola bilər - Qurban Qurbanovun narahatlığı artır...

"Qarabağ" 3 günün içində həm göyün yeddinci qatına qalxdı, həm də oradan sürətlə yerə çırpıldı.

Baxın, futbol bu qədər amansızdır.

Almaniya "Ayntraxt"ına Bakıda dərs keçən "kəhər atlar" autsayder "Kəpəz" sınağından başıaşağı ayrılmalı oldu.

Öncə "Neftçi"yə lazım olmadığı üçün Gəncə klubuna göndərilən Ohori uzaq məsafədən topu tora qovuşdurdu.

İkinci qolu isə qış fasiləsində Azər Bağırovun hücumçuya çevirdiyi müdafiəçi Ehtiram Şahverdiyev vurdu.

Hər iki qolu da baxımlı edən zərbə müəlliflərindən çox, Fabian Buntiçin çərçivədəki acizanə reaksiyaları oldu. Reaksiya da nə reaksiya...

2025-ci ili Qəbələdə yol verdiyi kobud xəta ilə başa vuran kiper bənzər səhvlərlə 2026-ya salam verdi.

Almaniya əsilli xorvatiyalı yeni klub barədə düşünə bilər.

O, Koxalski ilə nəinki rəqabət aparmaq, heç kölgəsində də qalmağa layiq deyil.

Buntiçin kölgədə qalması isə "Kəpəz"in qələbəsinə kölgə sala bilməz.

Qərb təmsilçisi 90 dəqiqə döyüşdü, mübarizə apardı və layiqli qələbə qazandı.

Azər Bağırov əhsəni haqq edir. Qurban Qurbanov da oyundan sonra rəqibin layiqli qələbəsini qeyd etməklə həmkarının layiq olduğu qiymətini vermiş oldu.

Növbəti dəfə aydın oldu ki, niyə Sami Mmae yox, Bəhlul Mustafazadə, Kuaku yox Bikalyo əsas heyətdə meydana çıxır.

Hə, "Qarabağ" ikinci heyətlə meydana çıxmışdı.

Abdullah Zubir, Joni Montiel sifariş vərəqəsində belə yer almamışdı.

Kevin Medina, Bəhlul Mustafazadə, Mateus Koxalski, Mateus Silva sona qədər ehtiyatda qaldı.

Oyunçuların fikirləri "Enfild Rould"da, ruhları isə "Azərsun Arena"da dolaşırdı.

Bütün bunlar məğlubiyyətə səbəb göstərilə bilər, amma bəraətə yenə yer qoymur.

Azarkeşlər avrokuboklardakı çıxışına görə "Qarabağ"ı bağışladı, amma "Sabah" qəti bu cür düşünmür.

Daha qətiyyətlə, daha inamla zirvədə yerini möhkəmləndirməkdədir.

Artıq aradakı xal fərqi 4 rəqəmi ilə ifadə olunur.

Deməli, hər xal itkisi yeni təhlükə çəpərini bir qədər də daraldır.

Yarışa qayıtmaq lazımdır, "Qarabağ"!

Sonra gec ola bilər...

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
3 Fevral 18:10 Çək və bizə göndər!