“Qarabağ” artıq bir Avropa brendidir.
Keyfiyyət baxımından Azərbaycan hüdudlarını aşan klub-komanda Avropa təmsilçilərini özü ilə ayaqlaşmağa məcbur etməkdədir.
“Hər işin başında pul dayanır” deyiminə bir çox hallarda haqq qazandırmağa çalışsam da, “Qarabağ”la bağlı mövzuda futbolu siyahıdan rçıxmağa məcburam. Çünki bu yerlərə gəlib çıxmaqda maddiyatın xüsusi rolu olmayıb.
Ağdam təmsilçisi hazırkı Çempionlar Liqasının ən az büdcəli iki klubundan biridir (siyahıda yalnız “Kayrat”ı qabaqlayır – H.). Heyətindəki futbolçuların heç biri “böyük beşlik”də oynamayıb, “ikinci eşalon”un həyəcanını hiss edənlərin sayı ən yaxşı halda 2-3 nəfərdir. Baş məşqçisini dünənə qədər heç kim tanımırdı.
“Qarabağ”ı sadəlikdən brendə çevirən də məhz baş məşqçidir – Qurban Qurbanov.
“Ayntraxt” üzərində qazanılan parlaq qələbədə Qurbanovun varlığını göstərən çox yox, cəmi üç fakt deyəcəyəm.
1.”Köhlən atlar”ın rəqib qapısından keçirdiyi topları göz önünə gətirin. İkisi sol cinahdan, digəri sağ cinahdan qapı qarşısına yerlə edilən paralel ötürmələrdən sonra vuruldu. Məgər bu, futbolçuların şəxsi istəyinə görəydi? Xeyr.
Alman rəqibi incələyən Qurbanov özü üçün lazım olan qeydləri götürüb, futbolçularına tapşırıqlar vermişdi. Bunlardan biri də məhz “Ayntraxt”ın qapısına cinah ötürmələrindən sonra yol tapmaq idi. Çünki müdafiənin cinahlarındakı aqressivlik “Qarabağ”lıları saxlayacaq dərəcədə deyildi.
2. Həlledici an – 90+2-ci dəqiqə. Kaşukla Elvin xaric, digər futbolçular rəqibin cərimə meydançasında özünə yer etməyə çalışdığı anda, baş məşqçibarmaqlarının köməyi ilə səsləndirdiyi fitlə Pedro Bikalyonu bir qədər geriyə çəkilmək göstərişini verir. Top cərimə meydançasından uzaqlaşdırılıb Bikalyonun önünə düşür, o da dəqiq ötürmə ilə sonradan assist müəllifi olacaq Mateus Silvanı tapır və qələbə topu vurulur.
3. Baş hakim Sandro Şererin çıxardığı hoqqaları hamı gördü. Təcrübəsindən irəli gələn sənət bicliyi ilə “Ayntraxt”a lazım olan dəstəyi verən isveçrəli qapımıza təyin etdiyi penalti ilə sözün hər iki mənasında hər şeyini ortaya qoydu.
Qurbanov bir az hirsləndi, lakin qısa zamanda əsəblərini cilovlamaqla əsl xarakter göstərdi. Baş məşqçinin o anda “partlaması”, yaxud texniki zonadan qovulması komandanın oyununa birbaşa təsir edəcəkdi.
Məhz təmkinli davranışı ilə futbolçularına “davam edirik” mesajını ötürən təcrübəli çalışdırıcı o anda qələbənin təməlini qoydu. Komandasına inam göstərdi, sınmamağı tapşırdı, tək “Ayntraxt”a yox, həm də hakimə qarşı mübarizə aparmağın vacibliyindən bəhs etdi.
Nəticə göz qabağındadır.
Bir komanda nə qədər “ulduz”a sahib olursa-olsun, bacarıqlı baş məşqçisi yoxdursa, nəticə olmayacaq. Futbolu və işini bilən baş məşqçi varsa, ortabab futbolçularla da nəticə əldə etməyi bacaracaq. Qurban Qurbanov və “Qarabağ” kimi.
“Qarabağ” hər nə qədər imkansız, doğma stadionsuz, akademiyasız, böyük pullarsız olsa da, milyonçuların arasında brend statusunu yaradıb və qorumaqda davam edir.
HƏBİB / SPORTİNFO.AZ

