Çempionlar Liqasının əsas mərhələsinin 7-ci turunda “Ayntraxt”la (3:2) matçda qələbə qolunu vuran Bəhlul Mustafazadə “Qarabağ”dan ayrıla bilər.
Müdafiəçinin Çin klubundan təklif aldığı barədə xəbərlər səngimək bilmir.
“Qarabağ”ın baş direktoru Əmrah Çəlikəl “qafqazinfo“ya açıqlamasında Sportinfo.az-ın yaydığı bu məlumatı təkzib etməyib:
“Bəli, bəzi futbolçularımıza təkliflər var. Onların içində israrla oyunçularımızı istəyənlər də olub, lakin hələlik biz “Liverpul”la oyuna köklənmişik.
Yalnız bundan sonra məsələ barədə danışa bilərik. İstəmirik ki, futbolçularımızın oyunqabağı fikri yayınsın”.
Məsələ hələ açıq qalıb. Ağdam təmsilçisi hələ tələsmək istəmir. “Liverpul“la vacib qarşılaşmanı gözləyirlər. Çempionlar Liqasının əsas mərhələsinin son turunun həmin qarşılaşması gələn həftə keçiriləcək.
Böyük Britaniya səfəri bəlli edəcək ki, Azərbaycan çempionu yarışın pley-off mərhələsinə vəsiqə qazanacaq, ya yox. Hazırda isə “köhlən atlar“ ümumi turnir cədvəlinin 17-ci pilləsindədir.
Ya vəlvələdən, ya zəlzələdən, çinlilər Bəhlulu karıxdırmağa başlayıblar. Onunla tez-tez əlaqə saxlanılır. «Nə oldu?» tipli suallardan bezən müdafiəçi narahat durumdadır.
2021-ci ilin yayında ilk dəfə legioner həyatı yaşamaq fürsəti yaxalayan, “Əl-Əyn“lə 3 illik müqavilə imzalayan, lakin son anda Sergey Rebrovun ondan imtinası üzündən Səudiyyə Ərəbistanına yollana bilməyən Mustafazadə bu dəfə şnsını qaçırmaq istəmir.
Özü Çinin yüksək liqa təmsilçisi ilə şəxsi müqavilə şərtlərini razılaşdırıb. Asiya ölkəsinə üz tutsa, illik qazancı 600 min avro civarında olacaq.
“Qarabağ“ bu ayrılığa xeyir-dua versə, təzminat alacaq. Çünki 2021-ci ilin yayından bəri formasını geyinən müdafiəçinin onlarla kontraktının bitməsinə hələ ilyarım qalıb.
SPORTİNFO.AZ


