Azərbaycan futbolunun “dəmir yumruğ”u - Qurban Qurbanov

03:50 Qarabağ 91
Azərbaycan futbolunun “dəmir yumruğ”u - Qurban Qurbanov

"Qarabağ" son dəqiqələrdə, uzatmalarda qazandığı qələbə ilə bir daha sübut etdi ki, bu komanda sonadək mübarizə aparmağı bacarır.

Bu, sadəcə üç xal deyil, əzmin və inamın təntənəsidir.

Ötən oyundan düzgün nəticə çıxaran Qurban Qurbanovun vaxtında və yerində etdiyi dəyişikliklər qalibiyyətin açarına çevrildi.

Çox rahatlıqla deyə bilərik ki, son 5 ildir ki, Qarabağ, sadəcə futbol oynamır, Azərbaycanın adını və ruhunu Avropanın ən böyük meydanlarında daşıyır. Qarabağ bu gün oyunu oxuyan, detallar üzərindən nəticə çıxaran və ən əsası, milli ruhu texniki ağıl ilə birləşdirən komandadır.

Bu il isə, Qarabağ futbol komandası daha böyük tarix yazmanın bir addımlığındadır, çempionlar liqasında son 24-lüyə qalmaq üçün cəmi bir matç qalır.

Liverpuldan alınacaq bir xal Qarabağın adını həm Avropa, həm də Azərbaycan futbol tarixinə növbəti dəfəə böük hərflərlə yazdıracaq.. İndiyə qədər topladığımız 10 xalın belə bu tarixi mərhələ üçün kifayət edə biləcəyini xatırlatmaqda fayda var, Qarabağ növbəti mərhələnin qapısını döymür, artıq o qapını aralayıb.

Atletiko Bilbao və Napoli matçlarında alınan ardıcıl məğlubiyyətlər, məni çox məyus etsə də, Qurban müəllimə və klubumuza inamımı əsla itirmədim.

Hər iki oyunda Qarabağ, təkcə rəqiblərlə yox, meydanda hiss olunan ikili standartlarla da mübarizə apardı. Qarabağın xeyrinə verilə biləcək penaltilər və təhlükəli cərimələr çox zaman fitə çevrilmədi, amma rəqiblər üçün daha yumşaq kontaktlar asanlıqla penalti və cərimə ilə cəzalandırıldı. Bu, tək-tək epizodlar yox, Avropa futbolunda “kiçik bazar” klublarına qarşı uzun illərdir hiss edilən yanaşmanın bir təzahürü idi.

Atletiko Bilbao matçında erkən vurulan qola baxmayaraq, yüksək temp və pressinqə davam gətirmək çətin oldu. Napoli qarşısında isə Qarabağ müdafiədə dirəniş göstərsə də, hücumda konkretlik çatmadı. Bu oyunlardan sonra səslənən müxtəlif kəskin və sərt, haqlı-haqsız tənqidlərin bir hissəsi emosional idi, amma bir hissəsi obyektiv texniki detallara söykənirdi.

Amma Qarabağ nə bəhanə gətirdi, nə də səsini qaldırdı, cavab meydanda verildi.

Qurban Qurbanov, tənqidlərdən qaçmadı, onlardan nəticə çıxardı. Duranın və Andradenin əvvəlki oyunlarda tez-tez əvəzlənməsi Qarabağın hücum gücünü zəiflədirdisə, Ayntraxt Frankfurtla matçda bu səhv təkrarlanmadı. Duran, Andrade və Medina meydanda daha çox qaldı, oyun sonadək hücum ruhunda saxlanıldı. Bu, təsadüf deyildi, bu seçimin arxasında Qurban Qurbanovun futbol ağlı dayanırdı.

Ayntraxt Frankfurt, alman futbol intizamının, mexaniki gücün və sistemin simvoludur. Amma bu gün sistem, ruha uduzdu. İsveçrəli hakimin təyin edilməsi formal olaraq neytrallıq sayılsa da, İsveçrənin futbol və etnik baxımdan Almaniya ilə bağlılığı fonunda bu seçim də müzakirə mövzusu oldu. Bəlkə də, Qarabağın oyununa türk hakim verilsəydi, bu qədər diqqət çəkməzdi.

Qarabağın loqosu Qarabağ atlarından, köhlənlərdən gəlir və at gücün rəmzidir. Almanlar, öz maşınları ilə fəxr edirlər, amma unudurlar ki, maşının gücü belə at gücü ilə ölçülür. Bu gün Qarabağın köhlənləri, alman maşınını dizə gətirdi. Çünki canlı ruh, mexaniki gücdən hər zaman üstündür.

Bu uğurun arxasında sadə, amma sarsılmaz bir fəlsəfə dayanır. Bu, mənim hər zaman nümunə kimi göstərdiyim, istək, inam və iradənin formalaşdırdığı 3İ düsturudur ki, Qurban müəllimi daha aydın şəkildə xarakterizə edir

Qurban Qurbanov, təkcə məşqçi deyil, bir düşüncə məktəbidir, onun komandası qorxmur, çəkinmir, geri çəkilmir. Qarabağ bu gün Avropada artıq “sürpriz” komanda deyil, hesablaşılacaq və hörmət ediləcək klubdur.

İndi qarşımızıda İngiltərədə, Alfilddə oynayacağımız Liverpul matçı var. Oradan alınacaq cəmi 1 xal Qarabağın adını dünya futbol tarixinin yeni səhifəsinə yaza bilər. Azərbaycan futbol tarixində heç vaxt bu qədər real, bu qədər əlçatan çempionlar liqası mərhələsi olmayıb.

Bu zəfər, təkcə Qarabağın uğuru deyil, həm də Azərbaycanın başıucalığı, türk dünyası üçün fəxrdir.

Qarabağ Azərbaycandır şüarını bu gün bütün dünya bilirsə, Qarabağ futbol klubunun rolu danılmazdır.

Qarabağın işğaldan azad olunmasındakı qətiyyət, Ali Baş Komandan İlham Əliyevin dəmir yumruğu idisə, Azərbaycan futbolunun dəmir yumruğu da, səsini qaldırmadan ancaq nəticə ilə danışan, sakit, səbrli və sarsılmaz Qurban Qurbanovdur.

Son söz olaraq,

Sadəcə bir matçımız qalıb.
Və sadəcə bir addım…
Cəmi bir xal, bir tarixi dəyişə bilər.

Və unutmayaq ki, Qarabağ FK, elə bir yol qət edib ki, bu yol şəhidlərin ruhundan, azad edilmiş torpaqlardan və milli qürurdan keçir.

Son matçda da, dualarımız, dəstəyimiz və batana qədər səsimizlə yanınızdayıq!

Elnur Məcidli

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
23 Yanvar 18:10 Çək və bizə göndər!