"Qarabağ" Çempionlar Liqasında tarix yazmağa davam edir. Ağdam klubu bu dəfə Almaniyanın "Ayntraxt" klubunu Bakıdan əliboş yola saldı - 3:2.
Qələbənin memarlarından biri də Bəhlul Mustafazadə oldu. Məhz müdafiəçinin son saniyələrdə vurduğu qol 3 xalı təmin etdi.
Bu həm də bir azərbaycanlı oyunçunun Çempionlar Liqasının əsas mərhələsində vurduğu ilk qol kimi tarixə düşdü.
Meydana əsas heyətdə çıxan digər azərbaycanlı Elvin Cəfərquliyev isə iki əla məhsuldar ötürmə ilə yadda qaldı.
Azərbaycanlı oyunçulardan söz düşmüşkən...
"Qarabağ"ın uğurlarını bizə bu qədər doğma edən, sevdirən həm də onun altında həmyerlilərimizin çəkilən imzasıdır.
2009-cu ildən başlanan uğur hekayəsinin təməlini Bakıda "Rusenborq"un qapısına fantastik qol vuran Rəşad Sadıqov atmışdı.
İlk dəfə avrokuboklarda pley-off mərhələsinə vəsiqə qazananda heyətdə Admir Telli xaric bütün oyunçular yerli uşaqlar idi.
"Visla" üzərində parlaq qələbələr səfərdə Vüqar Nadirovun, Bakıda Əfran İsmayılov və Rauf Əliyevin qolları ilə əldə olunmuşdu.
Ssenari sonrakı illərdə də eyniliklə davam edib...
Məsələn, Vüqar Nadirovun "Sent Etyen"lə səfər matçında vurduğu qol da unudulmazlar sırasındadır.
İlk dəfə Çempionlar Liqasının əsas mərhələsində iştirak etməyimizə görə Bakıda "Kopenhagen"in qapısına vurulan yeganə qolun müəllifi Mahir Emreliyə minnətdar olmalıyıq.
Təbii ki, əsas memar Qurban Qurbanovun isə təqdimata ehtiyacı yoxdur!
XANOĞLAN İMANOV/ SPORTİNFO.AZ

