«Qarabağ» Çempionlar Liqasında keçirdiyi yeddi oyunun altısında qol vurub, yalnız «Napoli»nin qapısına yol tapa bilməyib. «Benfika»dan sonra «Ayntraxt»ı da 3 dəfə meydanın mərkəzinə gəlməyə məcbur etdilər.
Soyuq başla analiz edəndə görürsən ki, almanlarla Bakıdakı son oyun əvvəlkilərdən bir qədər fərqləndi. «Qarabağ» az qol fürsəti yaratdı və rəqibə də az qol fürsəti verdi. Mateuş Koxalski demək olar gözə dəymədi: polşalı qapıçının üzərinə düz-əməlli top gəlmədi, gələndə də seyvə ehtiyac qalmadı. Bu, yaxşı məqamdır.
Narahatlıq doğuran məqam Kamilo Duranın ön xətdə tək qalmasıdır. Kolumbiyalı tipik hücumçu deyil, universal biridir. Yay transferini həm hücumun mərkəziqdə, həm də cinahda oynatmaq mümkündür, Qurban Qurbanov da belə edir.
Joel Montiel əla tapıntıdır. Doğrudan da, Qurbanovun onun yolunu 2-3 il gözləməsinə dəyərmiş! Qoy bir müddət keçsin, ispaniyalı «Qarabağ»ın döyünən ürəyi olacaq. Potensialı hədsiz böyükdür, sadəcə, özünə gəlməsi, tam toparlanması lazımdır.
Uzun müddət oynamayıb, ağır zədədən qayıdıb - bu səbəblərdən prakatikasmın azlığı «Ayntraxt»la matçda orta sahədən texniki zonaya əl elədi. Formaya düşməsi bir neçə həftə çəkəcək, həmin müddət bitəndən sonra «Qarabağ»ın Kadi Borges və Marko Yankoviçdən asılılığı yarıbayarı aşağı enəcək. «Qarabağ»sevərlər indidən dua etsin ki, Montiel bir də zədə almasın. Canı ağrımadısa, fısqırıq qoparacaq, komandanı çox irəli aparacaq.
Çempionlar Liqası hər klub üçün əla vitrindir. Burada yüzmilyonlar dövr edir. Montielin «Qarabağ»a bir bu qədər pul qazandıracağını demirik və gözləmirik. İspaniyalı Qurbanovun istədiyi səviyyəyə çatsa, «Qarabağ» tarixinin ən bahalı satışına imza atacaq. Bu, bu gün-sabah olmayacaq, ancaq olacaq. İki-üç qalıb oynasın, sonra.
ELNUR

