“Qarabağ”ın “Ayntraxt” üzərində qazandığı parlaq qələbəyə Braziliyadan reaksiya gəlib.
“Köhlən atlar”ın sabiq hücumçusu Olavio Juninyo qarşılaşmanı canlı yayımla izləyib.
Azərbaycan çempionunun ötən ilin yanvarında “Flamenqo”ya 5 milyon avroya satdığı 29 yaşlı forvard oyunu “TNT Sports” telekanalı vasitəsi ilə izləyərək Bəhlul Mustafazadənin qələbə topundan sonra “instagram” hesabında paylaşım edib.
O, qalibiyyət münasibəti ilə “Qarabağ”ı təbrik edib.
Növbəti paylaşımında isə Tofiq Bəhramov adına Respublika stadionunda azarkeşlərin hazırladığı xareoqrafiyanı nümayiş etdirib və bu sözləri yazıb:
“Bu komandanın parçası olduğuma görə xoşbəxtəm”.
Maraq üçün bildirək ki, son 1 ildə Juninyonun adı bir neçə dəfə “Qarabağ”la yanaşı hallansa da, o, karyerasını Meksika klubu “Pumas UNAM”da davam etdirir.
HƏBİB / SPORTİNFO.AZ

