Sportinfo.az xəbər verir ki, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 15-ci turunun “Araz-Naxçıvan”la görüşündən (5:1) sonra sualları cavablandırıb.
- Futbolçularımı təbrik edirəm. Çox vacib qalibiyyət idi. Vacib olan o idi ki, oyunçular intizamlı oynasınlar. Sonlara yaxın 1-2 boşluqlar oldu, ümumən çox diqqətli və intizamlı oyun göstərdilər. Baxmayaraq ki, qarşımızda topla yaxşı davranan komanda var idi. Yaxşı hücumlarımız oldu, yaxşı qollar vurduq. Rəqibə və öz komandamıza uğurlar arzulayıram. Azarkeşlərimizə də təşəkkür edirəm.
- Marko Yankoviçin yoxluğunda həmin mövqedə Joni Montiel, daha sonra Emmanuel Addai oynadı. Yankoviç hazır deyildi?
- Yankoviçə istirahət vermişdik. Xeyli oyunçunu əsas heyətdə buraxmamışdıq. Çünki əvvəlki matç gərgin və sürətli keçmişdi. Son vaxtların ən çox maksimal sürətdə keçən oyunu idi. Hər oyunçunun göstəriciləri yüksək idi.
- "Sabah" - "Qarabağ" matçından gözləntiniz nədir?
- Həqiqətən də bugünkü nəticələri "Sabah"ın oyununa görədir. Oyundan-oyuna daha qabiliyyətli, daha təhlükəli "Sabah" gəlir, yaxşı kollektiv formalaşıb. Yaxşı oyun intizamları var. Çox ciddi rəqibə qarşı oynayırıq. Sadəcə, bu gün və sabah oyunçulara istirahət verəcəyik. Futbolçularda istər-istəməz yorğunçuluq çoxalır. Düzü, rəqibi yaxından analiz etməmişik hələ. Amma oyunlarına baxmışıq, "Neftçi" və "Turan Tovuz" görüşünə baxmışıq.
- Kadinin sıradan çıxmasından sonra onun mövqeyində oynayan futbolçularda həmin performansı görə bilirsiz? Çünki onun yoxluğunda "Qarabağ"ın həmin mövqedə eyni performansın olmadığı yazılır...
- Bəlli məsələdir. Hər oyunçunu uyğun mövqeyi var. Kadinin sıradan çıxması digər mövqelərə də təsirsiz ötüşmür. Çünki fərqli mövqedən olan oyunçunu orada oynayanda, digər sıxıntılarımz da olur. Bu da qaçılmazdır. Dünya futbolunda da var. Amma futbolçularım sağ olsunlar, nəticə üçün əlindən gələni edir. Hər bir kollektiv bir oyunçunun üzərində qurulmur. Kadı pleymeyker zonasında oynayır, onu bəzən dayaq yarımmüdafiəçisi kimi də oynatmışıq. Rəqibdən də asılıdır. Kadi kimi qabiliyyətli, təcrübəli oyunçuların meydanda olması kollektivə, oyunumuzun qurulması üçün əlavə üstünlükdür. Çox istəyərəm ki, oyunçularım həmişə sağlam olsunlar.
- Qış fasiləsinə 2 oyun qalıb. Futbolçular mövsümün əvvəlində ehtimal etdiyinizdən daha çoxunu verə biliblər meydançada, yoxsa necə? Futbolçuların göstəriciləri necədir?
- Gözləntim olan futbolçulardan gözlədiyimi ala bilmişəm. Daha çox gözlədiyimdən elələri olub ki, ala bilməmişəm. Amma burada deməyim düzgün olmaz. Özləri bunu bilirlər və özləri də doğru-düzgün qəbul ediblər.
- "Sabah”la matçın nəticəsi, yəni məğlubiyyət olarsa, çempionluq yarışına təsir edəcək?
- Hələ qarşıda xeyli sayda oyun var. Mövsüm başlayanda neçənci yerlərdə idik, xeyli sonra pillə-pillə qalxmağa başladıq. “Sabah” da belə idi. İndi daha yaxşı yerlərə yüksəliblər. Düzdür, vacib oyundur. Qalib gəlsək, o demək deyil ki, mövsümün sonunda çempion olacağıq. "Sabah"ın yaxşı kollektivi var. Həmin oyunun nəticəsindən asılı olmayaraq, mübarizə davam edir. "Sabah" da bütün fikrini çempionata yönəldib.
- Qadın və Uşaq Sığınacağında təkbaşına "Qarabağ"ın matçını izləyən azarkeş Əkbər Zülfüqarovla görüşmüsüz?
- Yox, hələ. Amma görüşəcəyik, buradadır.

