Qış “transfer pəncərəsi”nin yaxınlaşması yenidən bəzi komandaların heyətini gücləndirməsi prosesiylə bağlı xəbərlərin ortaya çıxmasına səbəb olub.
Bunlardan biri də “Qarabağ”la bağlıdır.
Ağdam təmsilçisinin sabiq hücumçusu Juninyo Olavionu qaytaracağıyla bağlı iddialar var. Deyilənə görə, “köhlən atlar” braziliyanı icarə əsasında heyətinə qatmağı planlaşdırır.
Juninyonun yeganə elçisi “Qarabağ” deyil. ESPN nəşri bildirir ki, hücumcuyla həm də Braziliya A seriyasının iştirakçısı “Bahia” maraqlanır.
Belədə Olavionun məxsus olduğu klub, yəni “Flamenqo” “köhlən atlar” üçün irəli sürdüyü şərtləri sərtləşdirib. Nəticədə transfer əməliyyatı düyünə düşüb.
Bu mövsüm 26 oyunda meydana çıxan forvard cəmi 7 dəfə start heyətində yer alıb. O, bu görüşlərdə 4 qol vurub.
ESPN-nin yaydığı xəbər əslində, doğrudur. “Flamenqo” hələ 2 illik müqaviləsi qüvvədə olan Juninyonu icarəyə verməyi planlaşdırmır.
Onu elə aldıqları qiymətə – 5 milyon avroya satmağı hədəfləyiblər. “Qarabağ”a da bu haqda məlumat verilib.
Mümkün qayıdışla bağlı danışıqları dalana dirəyən də budur. Azərbaycan çempionu “sambaçı“nın təkrar dönüşü üçün bir belə xərcə düşmək niyyətindən uzaqdır.
SPORTİNFO.AZ


