4:2-nin gerçək qəhrəmanları – Halalları olsun!

11 Dekabr 23:40 Qarabağ 115
4:2-nin gerçək qəhrəmanları – Halalları olsun!

Yıxılan adamın əlindən tutan şəxsə nə ad verirlər?

Qəhrəman.

Xilaskar.

Mərhəmət sahibi.

Dar günün dostu...

Çempionlar Liqası kimi ali turnirdə ardıcıl 5 oyunda məğlub olan, cəmi 1 qol vuran komanda üçün hansı ağıllı canına əziyyət verib, yuxusuna haram qatıb, cibinin pulunu xərcləyib 4500 kilometr məsafə qət edib Bakıya gələrdi?

Amma “Ayaks” azarkeşləri bunu etdi.

Komandanın uğursuz nəticələrinə baxmayaraq, Amsterdamdan Bakıya təşrif buyuran 1500-ə yaxın fanat varlığını göstərdi, əsl azarkeşin nə olduğunu sübut etdi.

90 dəqiqə susmadılar. Sevimli komandaları məğlub duruma düşəndə belə, ruhdan düşmədilər, oxudular, qışqırdılar, özlərinə əl qatdılar. Və bu da nəticəsi.

Mümkün qələbə onsuz da “Ayaks”a heç nə verməyəcəkdi. Pley-offa yüksəlmək şansı 5-ci turdakı yenilgidən sonra əldən çıxmışdı.

Ancaq Bakıya yarımcan halda gələn komanda təslim olmadı. Azarkeşlərini sevindirmək üçün qələbə üçün alışıb-yandı və yekunda buna nail oldu.

Əldə olunan 3 xalın Çempionlar Liqasının Liqa mərhələsi ilə yaxından-uzaqdan əlaqəsi yox idi. Bu, azarkeşlərə etmək istədikləri təsəlli hədiyyəsi idi.

Çünki onlar qəhrəmandır, xilaskardır, yaxşı və pis gündə “Ayaks”ın yanında olandır.

Əsl azarkeş, fanat sadiqliyi, könül verdiyin rənglərə sahiblənmək, tribunanın nə olduğunu göstərmək belə olur. Və gec-tez ürəyini verdiyin komandan səni sevindirir.

Oyunu nə “Qarabağ” uduzdu, nə də “Ayaks” uddu. 4:2-nin əsl qəhrəmanları niderlandlı fanatlar idi.
Halalları olsun!

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
11 Dekabr 18:10 Çək və bizə göndər!