Günəşli dekabr günündə yenə futbol “biliciləri” səhnədəki yerini tutub.
“Qarabağ”ın “Ayaks”a 2:4 hesablı məğlubiyyəti adamlara pis təsir edib.
Hərə bir söz deyir, ağız deyəni qulaq eşitmir. Səbəbkar isə yenə Qurban Qurbanovdur. Azərbaycan və Qarabağ adlarını dünyaya tanıdan, ölkədə tayı-bərabəri olmayan məşqçi “günah keçisi”nə çevrilib.
Duranı niyə meydandan çıxardı, Nərimanın “Ayaks”la oyunda meydanda nə işi var idi, əvəzetmələr özünü doğrultmadı və sair kimi əsassız sual və iddialar ürək bulandırır.
Sosial şəbəkələrdə yazılanları oxuya-oxuya ağlımda suallar dolaşmağa başladı.
- Qurban Qurbanov komandasının “Ayaks”a uduzmasını istəyirdi?
- “Qarabağ” “Ayaks”ı udmağa məhkum idi?
* Biz jurnalistlər, kənardan baxan azarkeşlər “Qarabağ”ın futbolçularını Qurban Qurbanov qədər yaxından tanıyır(ıq)?
* “Qarabağ” udanda Qurban Qurbanov qəhrəman olur, uduzanda vətən xaini?
* Dahi məşqçilər səhv etmir?
İnanın, azı 10 belə sual tapmaq olar. Ancaq nə fayda? Sabah yenə ağızlarına və ağıllarına gələni danışacaqlar.
Çalışdığı sahədə ayda 50 səhvə yol verməsinə baxmayaraq, özünü günahsız görənlərin Qurbanovdan hər oyunda qələbə tələb etməsi absurd və gülüncdür. İnsan oğlu səhvlər üzərində böyüyür. Bəzən istəmədiyi halda səhvə yol verir.
Bəli, “Qarabağ” Çempionlar Liqasının 4 qat qalibi “Ayaks”ı uda bilərdi. Udmağa yaxın idi. Lakin bacarmadı.
Gücü çatmadı, təcrübəsi kifayət etmədi, səviyyə fərqi özünü göstərdi, əvəzetmələr effekt vermədi, kiçik səhvlər qolların buraxılmasına yol açdı.
Bu qədər sadə və bəsit.
“Ayaks” azarkeşlərinin 4500 kilometr məsafəni qət edib 5 oyundur uduzan komandanı Respublika stadionunda necə dəstəklədiyini gördünüz? Komandaları uduzsaydı belə, yenə alqışlayacaq, lazım olan dəstəyi verəcəkdilər.
Çünki keçmişi unutmurlar. Bu günlə yox, sabahla yaşayırlar. Sabah yenidən hər şeyin yaxşı olacağına ümid edirlər. Əsl azarkeşlik, sahiblənmək məsuliyyəti, dəyər, sevgi, istək budur.
“Qarabağ” lazım olan qələbəni çoxdan qazanıb. Futbolu olmayan ölkəni ardıcıl 12 ildir avrokubokların qrup mərhələsində təmsil edərək dünya nəhənglərini Bakıya gətirməklə. Qarabağın Azərbaycana məxsus olduğunu dünyaya eşitdirməklə.
Bəylər, Çempionlar Liqasının himninin Azərbaycanda çalınmasından zövq alın. Bu, kimlər üçünsə arzu, bizim üçün reallıqdır.
Siz istəyən nəticələri qazanmaq üçün zamana ehtiyac var. Yavaş-yavaş, pillə-pillə. Yetər ki, birlik göstərək, “Qarabağ”a sahib çıxaq.
HƏBİB / SPORTİNFO.AZ

