Mateuş Koxalski bu mövsüm əla forma yığmasaydı, «Qarabağ» hazırda Çempionlar Liqasının əsas mərhələsində mübarizə aparmazdı.
Şəkk-şübhəniz olmasın heç.
«Qarabağ» qitənin ən mötəbər turnirinin pley-off mərhələsini adlaya, bura qədər gələ bilibsə, ən böyük pay sahibi polşalı qapıçıdır.
O, dünən də komanda yoldaşlarının bir neçə mövqe səhvini qurtarışlarıyla “yudu”. İnanılması güc toplar çıxartdı.
Seyvlərin atasıdı bu pan balası.
Doğrudan da, Allahın «Qarabağ»a rəhmi gəlib, ona belə qapıçı bəxş eləyib.
Bir tərəfdən də düşünürsən ki, işdir də, Koxalski olmasaydı, «Qarabağ» neyləyərdi? «Qarabağ» bu cür möhtəşəm qapıçıyla 4 qola üzülürsə, görün, müdafiə xətti nə gündədir!
Koxalski nəfəsi, əzmi, inamlı duruşu, qətiyyətli və soyuqqanlı çıxışı ilə komandasını hər dəfə 4-5 qoldan xilas edir. Yoxsa hər oyunda biabırçı hesab qeydə alınar.
Amandır, bərk yapışın ondan!
Buradan iddia edirəm ki, Koxalski «Qarabağ» tarixinin ən yaxşı qapıçısıdır.
«Çelsi» və «Milan» kimi Avropa nəhənglərinin formasını geyinmiş, 6 ay buralarda oynamış Asmir Beqoviç belə, onun bir əlcəyi deyil. Koxalski şirdir, pələngdir, aslandır, əlqərəz, bir dənədir.
Göz dəyməsin, hər fürsətdə heyranlıqla izləyirəm bu gənci. Bir-iki il də belə performans nümayiş etdirsə, qitənin ən güclü və ən bahalı 10 qapıçısı arasına girəcək.
ELNUR

