“Qarabağ” bu axşam “Ayaks”ı udacaq – İnanmırsız?

10 Dekabr 19:40 Qarabağ 302
“Qarabağ” bu axşam “Ayaks”ı udacaq – İnanmırsız?

Bu gecə təxminən 12-yə qalmış “Gənclik” metrosunun həndəvəri bayram havasına bürünəcək.

“Qarabağ” Niderland nəhəngi “Ayaks”ı məğlub edərək Liqa mərhələsindəki xalların sayını 10-a yüksəldəcək və pley-offun qapılarını aralayacaq.

Soruşa bilərsiniz, bu qədər inam, bu dərəcədə əminlik haradandır?

Sadalayım?

*“Qarabağ”ın ötən ilin oktyabr ayında Avropa Liqasında “Ayaks”a Bakıdakı yenilgisini mütləq ki, xatırlayanlar var. Komandamız ən pis dönəmini yaşayırdı deyə, qonaqlar fürsətdən maksimum yararlanıb 3 cavabsız qolla 3 xalı bayram etmişdi.

Ağır məğlubiyyət unudulmayıb, Medinanın, Zubirin, Andradenin, Yankoviçin yaddaşının bir küncündə dayanıb. İndi isə qisas hissi ilə alışıb-yanırlar. Darmadağına darmadağınla cavab vermək üçün axşamı gözləyirlər.

*”Qarabağ” öz meydanında, azərbaycanlı azarkeşlərin dəstəyi altında mübarizə aparacaq. Ağdamlıların Respublika stadionunda oynaması uşağın ana qucağında yuxuya düşməsi qədər rahatdır. “Köhlən atlar” cari avrokubok mövsümündə keçirdiyi 5 ev qarşılaşmasının 3-də qalib gəlib, “Çelsi” ilə bərabərə qalıb (2:2) və yalnız “Ferentsvaroş”a uduzub – 2:3.

Azərbaycan çempionu Macarıstandakı ilk qarşılaşmada 3:1 hesabı ilə qələbə qazanmışdı deyə, cavab görüşündə intriqa gözlənilən səviyyədə deyildi.

*”Ayaks”ın Liqa mərhələsindəki nəticələrini fiasko adlandırmaq olar. Amsterdamlılar meydana çıxdığı 5 oyunun hamısında məğlub olmaqla 450 dəqiqə ərzində rəqib qapısına 1 dəfə yol tapıb. Özü isə 16 dəfə mərkəzə dəvət olunub.

Niderland komandası üçün Çempionlar Liqasındakı mübarizə 5-ci turda “Benfika”ya yenilgi ilə başa çatdı. Bundan sonrakı 3 oyunun hamısını udsalar belə, xəyalı reallığa çevirmək mümkün olmayacaq. Necə deyərlər, it də gedib, ip də. Kollektivdə psixoloji durum yox dərəcəsindədir.

*”Ayaks” Bakıya itkilərlə gəlib. Sıradan itkilərlə yox ha, kifayət qədər ciddi adları Amsterdamda saxlamaqla.

Niderland millisindəki çıxışları ilə tanıdığımız Vout Veqhorst, Stiven Berqhuis və Kennet Teylor zədə səbəbindən Bakıya gətirilməyib. Xorvatiya millisinin aparıcı simalarından sayılan Yosip Şutalo, eləcə də “Liverpul”dan icarəyə götürülən Ceyms Makkommellə gələcəyinə böyük ümidlər bəslənən Cerald Aalders də eyni səbəbdən azarkeşlərin önünə çıxa bilməyəcək.

Yenə elə bir fakt, elə bir məqam yoxdur ki, “Ayaks”ın qələbəsindən xəbər versin, adamlarda qonaqların 3 xalı bayram edəcəyinə inam yaratsın.

Bütün mümkün variantlar “Qarabağ”ın zəfərindən xəbər verir. Elə biz də deyirik - “Qarabağ” bu gün “Ayak”sı məğlub edəcək!

“Qırmızı-ağlar”ın 3 xal istəyinə çatması üçün “Qarabağ”lılar futbol oynamamalıdır, əl-qolunu yanına sallamalıdır. Ona da kimdir imkan verən? Qurban Qurbanov gecələrinə haram qatar.

Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək duel saat 21:45-də start götürəcək.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
10 Dekabr 18:10 Çək və bizə göndər!
10 Dekabr 17:00 Bəxt yox, insaf yox…