“Qarabağ”ın legioneri 0:3-ü yada saldı, məsafə, saat və iqlim fərqindən danışdı

16:40 Qarabağ 176
“Qarabağ”ın legioneri 0:3-ü yada saldı, məsafə, saat və iqlim fərqindən danışdı

“Qarabağ” Çempionlar Liqasında növbəti oyuna hazırlaşır.

Ölkəmizi Avropanın bir nömrəli klub turnirində təmsil edən “köhlən atlar” Liqa mərhələsinin VI turunda “Ayaks”ı qəbul edəcək.

Geridə qalan 5 oyunda aktivinə 7 xal yazdıran ağdamlılara Niderland komandası ilə görüşdə 3 xal hava-su kimi vacibdir.

Mümkün qələbə “Qarabağ”ı pey-off mərhələsinə daşıya bilər.

Vacib qarşılaşmadan öncə Sportinfo.az-a açıqlama verən xorvatiyalı qapıçı Fabiyan Buntiç oyunla bağlı fikirlərini səsləndirib:

“Bizim üçün olduqca vacib qarşılaşmadır. Əlimizə əla imkan düşüb və bu fürsəti dəyərləndirmək istəyirik.

“Ayaks”ın 5 oyunda xal qazana bilməməsi bizi rahatlaşdırmamalıdır. Tarixi klubdur, böyük təcrübəyə malikdir, heyətində keyfiyyətli futbolçular var.

Çempionlar Liqasında zəif komanda yoxdur. “Ayaks”a böyük hörmətlə yanaşırıq.

Unutmayaq ki, 1 il əvvəl Bakıda “Ayaks”a 0:3 hesabı ilə uduzmuşduq. Bu məqama xüsusi diqqət yetirməliyik.

Doğma meydanda, sevimli azarkeşlərimizin qarşısında qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik. “Ayaks” uzun yol qət edib, arada saat və iqlim fərqləri var.

Bu üstünlükdən istifadə etməliyik. Görüşün taleyini meydanda göstərdiyimiz xarakter və oyun həll edəcək”.

Dekabrın 10-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşmanın start fiti saat 23:45-də çalınacaq.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti