Premyer Liqada 14-cü turun açılış oyunu Zirədə baş tutacaq.
Xal fərqinə görə digər komandaları qabaqlayaraq 1 və 2-ci pillələrdə qərarlaşan “Zirə”ylə “Qarabağ” münasibətlərinə aydınlıq gətirəcək.
“Köhlən atlar” 1 matç az keçirməklə 29 xalla cədvələ liderlik edirsə, 3 xal geri qalan “qartallar” 2-ci yerdədir. Məhz bu məqam Rəşad Sadıqovun komandasının qələbə istəyini artırmalıdır.
Zirəlilər 3 xala sevinəcəyi halda “Sabah”, “Turan Tovuz”, “Sumqayıt” və “Araz-Naxçıvan” kimi rəqiblərindən uzaqlaşmaq, liderlə xallarını bərabərləşdirmək imkanı qazanacaq.
Lakin bu, heç nə asan görünmür.
Niyə?
* ”Qarabağ” Premyer Liqada 10 oyundur uduzmur. Və son 4 oyunu qələbə ilə başa vurub.
* “Qarabağ”la “Zirə” arasındakı son 5 qarşılaşmada ağdamlılar 3 qələbə qazanıb, 1 dəfə məğlub olub. 1 görüş bərabərliklə başa çatıb.
* “Zirə”nin orta sahədəki “ürəyi” Ayron Qomis cəza səbəbindən “Qarabağ”a qarşı oynaya bilməyəcək.
“Qartallar”ın xeyrinə işləyən məqamlar da yox deyil.
* ”Zirə” Azərbaycan kubokunda dekabrın 2-də, “Qarabağ” isə 3-də çıxış edib. Yəni zirəlilər bu görüşə qədər bərpa olunmaq və hazırlaşmaq üçün əlavə bir gün qazanıb.
* “Zirə” doğma meydanda oynayacaq.
* “Zirə” Premyer Liqadakı son 5 matçın 4-də qələbə qələbə qazanıb, 1-də heç-heçəyə razılaşıb.
“ “Zirə”ylə “Qarabağ” arasındakı son 2 qarşılaşmada ağdamlılar rəqib qapısına çətinliklə cəmi 2 qol vurub – 1:0, 1:1.
* “Qarabağ” dekabrın 10-da “Ayaks”a qarşı hava-su qədər vacib oyuna çıxacaq ki, baş məşqçi Qurban Qurbanovun, eləcə də futbolçuların ehtiyatlanmaq ehtimalı yüksəkdir.
Göründüyü kimi, “köhlən atlar”ın qələbəsindən bəhs etmək kifayət qədər çətin və risklidir. Xüsusən qarşıdakı “Ayaks”la vacib oyunun yaxınlaşması ağdamlıların risk şansını azaldır.
Rəşad Sadıqovun komandası isə kifayət qədər yaxşı formadadır. Başlıca problem Ayron Qomisin cəzalı duruma düşməsidir.
Turun mərkəzi oyunundan heç-heçə və ya zirəlilərin qələbə “qoxusu” gəlir.
Bu gün Zirə İdman Kompleksinin meydanında keçiriləcək “Zirə” – “Qarabağ” oyunu saat 17:00-da başlayacaq.
HƏBİB / SPORTİNFO.AZ

