Azərbaycan Premyer Liqasının 13-cü turunda “Karvan-Yevlax”la matç “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov üçün yubiley oyunu olub.
Sportinfo.az xəbər verir ki, təcrübəli mütəxəssis 2:0 qalib gəldikləri matçda 800-cü dəfə Ağdam klubunun çalışdırıcısı kimi meydana çıxıb.
Bundan sonra isə instaqramda “Qarabağ”la ilk müqaviləsini imzaladığı zaman onun və klub prezidenti Tahir Gözəlin “Futbol+qol” qəzetinə verdiyi müsahibənin fotosu paylaşılıb.
.jpeg)
Həmin yazının başlığı isə belə olub: “Qurban Qurbanov çempionluğa söz vermədi”.
2008-ci ildən keçən 17 ildə Q.Qurbanov kifayət qədər böyük uğurlar qazanıb. O, “Qarabağ”ı 10 dəfə ölkə çempionu edib, bir dəfə gümüş, iki dəfə isə bürünc medalı qazanıb. 6 dəfə isə ölkə kubokunu başı üzərinə qaldıra bilib.
.jpg)
Onun rəhbərliyi altında Ağdam klubu artıq 12-ci dəfədir ki, avrokubokların əsas mərhələsində (əvvəl qrup mərhələsi adlanırdı) iştirak edir. İki dəfə qitənin ən nüfuzlu klub turniri olan Çempionlar Liqasının əsas mərhələsində oynamaq isə ağlasığmaz nəticədir.
Maraqlıdır ki, Q.Qurbanov bu qədər uğurların qarşısında hər zaman təvazökar olmağa çalışıb. O, heç zaman əldə etdiyi uğurların kölgəsinə sığınmayıb. Mütəxəssis açıqlamalarında da komandasının daim inkişaf etməli, daha da yaxşı nəticələr qazanmalı olduğunu vurğulayıb.
Elə Azərbaycan Kubokunun 1/8 finalında “Karvan-Yevlax”a 3:0 hesabı ilə qalib gəldikləri matçdan sonra mətbuat konfransında da 800-cü oyunu ilə bağlı ünvanlanan suala təvəzökar şəkildə cavab verib:
“Özüm heç vaxt belə şeyləri hesablamıram. Sadəcə, bəlkə bu, mənə əlavə həvəs verir. Əgər uğurlu statistikam varsa, buna sevinməliyəm. Hər futbolçunun çatmaq istədiyi rəqəmlər, hər məşqçinin isə arzuladığı karyera olur. Əgər uğurlu 200-300 oyun keçirirəmsə, istəyərəm 1000-ə çatsın. Uğursuz olsa, bəlkə maraqsız olar. Hər bir halda, üzərimizə düşən vəzifəni yerinə yetirməliyik. Qarşıdakı illərdə də çalışacağıq ki, daha intizamlı, məsuliyyətli olaq”.
Azərbaycandakı istənilən futbol azarkeşi Qurban Qurbanovun “Qarabağ”la 1000-ci, 1500-cü oyununu keçirməsini, qitə meydanlarında tarix yazmasını arzulayır...

