"Qarabağ"ın sabiq hücumçusu, hazırda "Flamenqo"da çıxış edən Juninyo ölkəsi Braziliyada bir klubun maraq dairəsinə düşüb.
Sportinfo.az bu barədə Braziliya mediasına istinadən xəbər verir.
"ESPN" yazır ki, Juninyo A seriyası təmsilçisi "Bahia"nın 2026-cı il üçün transfer hədəfləri arasına daxil olub.
Bildirilir ki, klub 29 yaşlı forvardın transfer şərtlərini öyrənib və mövsümün sonunda rəsmi addım atmağı düşünür.
Bununla belə, "Bahia" hələ ki, "Flamenqo" ilə danışıqlara başlamayıb. Klub yeni “9 nömrə” üçün bazarda başqa alternativləri də dəyərləndirir.
Bu ilin əvvəlində "Qarabağ"dan "Flamenqo"ya transfer olunan Juninyo bir çox oyunda iştirak etməyib. O, son günlərdə Filipe Luisin komandasında yenidən şans qazanıb və Libertadores kubokunun finalında da bir neçə dəqiqə meydanda olub.
Buna baxmayaraq, braziliyalının yeni mövsümdə "Flamenqo"da qalıb-qalmayacağı hələlik bəlli deyil. Tərəflər yaxın həftələrdə futbolçunun gələcəyini müzakirə etmək üçün görüşəcək.
Braziliyada bu mövsümə dekabrın 7-də yekun vurulacaq. Artıq Juninyo "Flamenqo" ilə birgə ölkə çempionu adını qazanıb.
Bu mövsüm 26 oyuna çıxan Juninyo 7 dəfə start heyətində yer alıb və 4 qolun müəllifi olub. Onun klubla müqaviləsi 2028-ci ilin sonunadəkdir.

