“Qarabağ”ın kapitanı: “Yaşıdlarımın çoxu karyerasını bitirib, mən isə hələ də oynayıram”

6 Fevral 2023 20:20 Qarabağ 1 281
“Qarabağ”ın kapitanı: “Yaşıdlarımın çoxu karyerasını bitirib, mən isə hələ də oynayıram”

“Bu gün komandada 26 futbolçu var.

Vaxt var idi, 17-18 futbolçu ilə oynayırdıq, indi rəqabət böyükdür, futbolçu sayı çoxdur”.

“Qarabağ”ın kapitanı Maksim Medvedev Sportinfo.az-a açıqlamasında cari mövsümdə nadir hallarda meydanda görünməsinin səbəbi haqda danışıb.

Ötən yaya qədər komandasının aparıcı siması hesab olunan, müdafiənin sağ cinahında və mərkəzində oynamaq bacarığı ilə seçilən 33 yaşlı futbolçu indi əsasən ehtiyatda qalması ilə diqqət çəkir.

Komandada futbolçu sayının çoxluğu əsas səbəbdirsə, bir müddət öncə ağır zədələnib uzun müddətə sıradan çıxması da işini çətinə saldı.

Üstəlik, yaş amili.

Maksim ehtiyatda qalmasına görə qətiyyən narahat deyil. Əksinə, baş məşqçinin qərarına hörmətlə yanaşır:

“Qarabağ” çempionatda, ölkə kubokunda və avrokuboklarda mübarizə aparanda cəzalı və zədəli futbolçular olurdu ki, bəzən çətinliklə üzləşirdik.

Ona görə də heyət genişlənməliydi. İndi vəziyyət başqadır.

Gördüyünüz kimi, hər mövqedə 2-3 futbolçu rəqabət aparır. Kim hazırdırsa, o da oynayır.

Mən zədələndim, sonra da Kevin Medina sıradan çıxdı. Belədə bizi Bəhlul Mustafazadə ilə Bədavi Hüseynov uğurla əvəzlədi.

İndi biz zədədən qayıtmışıq deyə, onları ehtiyata göndərmək düz olmaz.

Əsas odur ki, hamının oynamaq şansı olur. Ad önəmli deyil, vacib olan “Qarabağ”ın uğur qazanmasıdır.

Həmyaşıdlarımın çoxu karyerasını bitirib, mən isə hələ də oynayıram. Çünki özümdə güc hiss edirəm, gümraham".

Bu ilin sentyabrında 34 yaşı tamam olacaq Maksim Medvedevin “Qarabağ”la müqaviləsinin müddəti yayda başa çatacaq. Lakin hələ ki, futbolçu ilə klub yeni anlaşma imzalamayıb.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti