"Qarabağ"ın əl-qolunu bağlayan itkilər Budapeştdə qol-qanad aça biləcəkmi?

6 Avqust 2022 23:20 Qarabağ 2 153
"Qarabağ"ın əl-qolunu bağlayan itkilər Budapeştdə qol-qanad aça biləcəkmi?

“Qarabağ” Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin ilk matçında “Ferensvaroş”u məğlub edə bilmədi.

30 min azarkeşin izlədiyi matç bərabərliklə başa çatdı – 1:1.

Komandamız görüşə ciddi itkilərlə çıxmışdı. Müxtəlif səbəblərdən Kevin Medina, Riçard Almeyda və Kadi Borgesin olmayacağı öncədən məlum idisə, oyun günü Maksim Medvedevin də zədə səbəbindən adıçəkilənlərə qoşulacağı məlum oldu.

Birdən-birə əsas heyətin 4 üzvünü itirmək izaha ehtiyacı olmayan boşluqlar demək idi.

Təbii ki, itkilər birbaşa nəticəyə təsir etdi. Hələ Qurbanov öncəki 4 oyundakı ənənəvi “öndə pressinq” taktikasından uzaqlaşmasaydı heç-heçə də əl çatmaz görünəcəkdi.

Rəqib “Lex” və “Sürix”dən daha bərk komanda təsiri bağışlayırdı. Ancaq bunda komandamızın ideal heyətlə oynamaması da böyük rol oynadı.

Məsələn, oyunun gedişində müəyyən epizodlar oldu ki, öndə təzyiq edib, topu rəqibdən alıb təhlükəli hücumlar qurmaq olardı. Amma təmsilçimiz buna çox da getmirdi. Ki, boşa çıxacaq hər pressinqin sonunda rəqib qol vura bilərdi. Bu potensial macarlarda vardı. Bir neçə dəfə əyani də şahid olduq. İlk hissənin ortalarında buna cəhd olundu və bərabərlik qolu da həmin dəqiqələrdə Kvabena Ovusudan gəldi. İkinci yarı həmin taktikadan tamamilə əl çəkmiş olduq.

Amma bu, davamlı hal almadı. Qurbanov haqqlı olaraq əlindəki materiala uyğun nisbətən ehtiyatlı oyun taktikasına üstünlük verməyə başladı. Meydanda daha çox 2-3 il əvvəki mövqe hücumlarına üstünlük verən “Qarabağ” vardı. Futbolçularımızın meydandakı hərəkətlərindən sezmək olardı ki, əsas məqsəd məğlub olmamaqdır. Son dəqiqələrdə oyunçularımızın təxminən 2 dəqiqə topu mərkəzdə sağa-sola çevirməsi də bundan xəbər verirdi. Ki, hakimin final fiti ilə minimum hədəf uğurla yerinə yetirildi.

Düzdü, tribunaları dolduran çılğın fanatların böyük dəstəyi ilə “Qarabağ” yarımçıq heyətlə də qələbə qoluna vura, fərqi daha da böyük edə bilərdi. Sadəcə İbrahimə Vadjinin xəsistliyi, Ramil Şeydayevin o qədər də ideal olmayan ötürməsindən sonra Bəhlul Mustafazadənin boş qapını nişan ala bilməməsi cavab matçına qələbə ilə yollanmaq ümidlərini puç etmiş oldu.

Bəli, Budapeştdəki qarşılaşmada bu azarkeşlər olmayacaq, amma Kadi Borges, Riçard Almeyda dəqiq qayıdacaq. Hətta bu sırada Maksim Medvedev də ola bilər.

Belədə meydanda tamam fəqli, daha sürətli, daha inamlı, az ehtiyat edən “Qarabağ” görə bilərik. Bir sözlə, Bakıdakı matçda əl-qolumuzu bağlayan itkilər cavab matçında komandamıza qol-qanad verməlidir. O zaman növbəti mərhələ arzusunun reallığa çevrilməsi də bir xeyli asanlaşmış olacaq. Gözləyək 9-undakı cavab matçını.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti