
“Ağsu Siti" İdman Klubunun prezidenti Rəmzi Eminli barəsində cinayət işi başlanıb.
Onun yalan vəd verərək, özgənin pulunu ələ keçirdiyi iddia olunur.
Aran komandasının rəhbərinə qarşı Cinayət Məcəlləsinin 178 (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.
İş üzrə toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib. Qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata yaxın saatlarda baxılacaq.
“Ağsu Siti" Region Liqasının daimi iştirakçısı olub. Bu yarışda dördüncü mövsümünü keçirmək isə sözügedən komandaya müəssər olmayıb.
AFFA onları çempionatdan kənarlaşdırıb. Buna səbəb Rəmzi Eminli ilə futbolçular arasında yaranmış problemdir.
Belə ki, prezident kollektiv qarşısında götürdüyü maliyyə öhdəliklərini yerinə yetirməyib. Pullarını ala bilməyən oyunçular 3 matçda meydana çıxmayıb.
“Ağsu Siti"nin SOCAR-ın sabiq vitse-prezidenti Mikayıl İsmayılovun himayəsinə keçməsi gözlənilsə də, proses bir mərhələdə dayanıb.
İlyarım öncəyədək “Neftçi"yə kuratorluq etmiş neft şirkətinin keçmiş vəzifəli şəxsi doğma rayonunun komandasına bir ara yardım əlini uzatsa da, sonra dəstəyini tamamilə dayandırıb.
SPORTİNFO.AZ