“Neftçi”nin yeni transferi Draqolyub Saviç Azərbaycana gəlişi və yeni klubu barədə açıqlama verib.
Sportinfo.az xəbər verir ki, serbiyalı yarımmüdafiəçi əvvəlcə “Neftçi”nin tarixi və klubun Azərbaycandakı mövqeyi barədə danışıb:
“Etiraf etməliyəm ki, ilk andan “Neftçi”nin tarixi haqqında filmə baxdığım zaman gördüm ki, “Neftçi” böyük ənənələrə və tarixə malik bir klubdur. Həm də görürəm ki, Azərbaycanda insanlar “Neftçi”nin ən böyük klubu olduğunu bilirlər. Deyə biləcəyim başqa bir şey də odur ki, dünən axşam bizim bazaya, yəni sizin bazaya gəldim. Məni çox yaxşı qarşıladılar. İnsanlar məni gözəl qəbul etdilər və səmimi şəkildə qarşıladılar. Həmçinin gördüm ki, məşq mərkəzi də yenidir. Bu da “Neftçi”nin Azərbaycandakı ən böyük klub olmasından xəbər verir və bunun göstəricisidir”.
Saviç Azərbaycanda futbolun və “Neftçi”nin ona əvvəldən tanış olduğunu bildirib:
“Doğrudur. Mən “Rapid”lə “Neftçi”yə qarşı oynamışam, RFS-də də olmuşam və orada “Sabah”a qarşı forma geyinmişəm. Azərbaycanda insanların futbola çox böyük dəyər verdiyini və onu çox sevdiyini müşahidə etmişəm. Bu da futbola böyük diqqətin olduğunu göstərir. Əminliklə deyə bilərəm ki, indi bura gələndə əvvəllər gördüyüm həmin hissi burada da yaşadım. Bu enerji mənə də keçib və mən artıq klubu hiss etməyə başlamışam. Buna görə də çox şadam və bunu səbirsizliklə gözləyirəm”.
Yeni transfer “Neftçi”yə keçidi ilə bağlı qərarının çətin olmadığını vurğulayıb:
“Mən konkret olaraq burada oynamış serbiyalı futbolçularla danışmamışam. Amma bir çox insanla söhbət etmişəm. Azərbaycanda ən böyük kluba gəlmək imkanımın olduğunu gördüyüm andan etibarən bu barədə araşdırmağa başladım. Təbii ki, bura gəlmək qərarını vermək mənim üçün heç də çətin olmadı”.
Saviç özünün oyun üslubundan da söz açıb:
“Meydandakı oyun üslubum haqqında deyə bilərəm ki, pressinq zamanı kifayət qədər aqressiv oyunçuyam. Sonadək hücum etməyi və rəqibin arxasındakı boşluqlara girməyi sevirəm. Fiziki göstəricilərim də çox sürətli olduğumu deyir. Buna görə də sürətimdən düzgün şəkildə istifadə etmək üçün əlimdən gələni edirəm”.
Serbiyalı futbolçu hücumun müxtəlif mövqelərində oynaya bildiyini qeyd edib:
“Əvvəlki klublarımda hücumun müxtəlif mövqelərində oynamışam. Özümü ən rahat hiss etdiyim mövqeyə gəlincə, bu, əlbəttə, cinahlardır. Həm sağ, həm də sol cinahda oynaya bilirəm. Ona görə də hər iki tərəfdə çıxış etmək mənim üçün problem deyil. Amma dediyim kimi, hücumun hər üç mövqeyində oynaya bilirəm və düşünürəm ki, bu, mənim üçün böyük üstünlükdür”.
Saviç hazırda fiziki durumunun yaxşı olduğunu və “Neftçi”yə kömək etməyə hazır olduğunu bildirib:
“Özümü fiziki olaraq çox yaxşı hiss edirəm. Əlbəttə, əvvəlki klubumda hazırlıq mərhələsini keçmişəm və üç oyunda 90 dəqiqə oynamışam. Ona görə də hazırda ən yaxşı formamdayam və bu klub üçün əlimdən gələnin ən yaxşısını etməyə hazıram”.
Yeni transfer sonda “Neftçi” azarkeşlərinə müraciət edib:
“Azarkeşlərə demək istəyirəm ki, “Neftçi” kimi bir klubun böyük dəstəyə ehtiyacı var. Əlbəttə, istəyərdim ki, hər oyunda stadiona mümkün qədər çox sayda gəlsinlər və bizi dəstəkləsinlər. Biz də bunun qarşılığını, təbii ki, meydanda verəcəyik”.
