
Qadınlarlardan ibarət millimiz AÇ-2021-in seçmə mərhələsi çərçivəsində Polşaya dogma meydanda 0:5 hesabı ilə məğlub oldu.
Sportinfo.az xəbər verir ki, bu, komandanın ardıcıl dördüncü məğlubiyyəti oldu.
Uğursuz nəticələrə görə birbaşa məsuliyyət daşıyan baş məşqçi Siyasət Əsgərovla danışmaq cəhdlərimiz alınmasa da, milli üzvü Aysun Əliyeva ilə söhbətləşmək mümkün oldu.
- Əvvəlcə ölkəmizdə qadın futbolunun hazırkı vəziyyəti barədə fikirlərini bilmək istəyirik. Mövcud durum səni razı salırmı?
- Fikrimcə, hazırkı vəziyyət əvvəlki illərə nisbətən daha yaxşıdı. Son vaxtlar ölkəmizdə qızların futbola marağı daha da çoxalıb. Bu da hər baxımdan çox yaxşıdı. Hazırkı vəziyyətdən razıyam. Çünki qadın futbolumuz daha gənc futbolçulardan ibarətdi. Bu isə çox pozitiv bir haldı.
- Əvvəlki illərə nisbətən qadın futbolçuların artmasına və bu sahədə işlərin görülməsinə baxmayaraq, hələ də yığmada legioner, yəni “milliləşdirilən” futbolçular oynadılır. Eyni zamanda bu proses davam etdirilir. Səncə, bunun səbəbi nədi?
- Təkcə bizdə yox, başqa millilərdə və klublarda da legionerlər oynayır. Başqa ölkələrdən fərqimiz budu ki, ölkəmizdə qadın futbolunda kütləvilik azdı. Bu üzdən də futbolçu azlığı olan mövqelərə kökləri Azərbaycana bağlı oyunçular dəvət edilir. Bu addım millinin daha yaxşı nəticələr əldə etməsinə hesablanıb.
- Kişi futbolçular arasında legioner həyatı yaşayanlar barmaqla sayılacaq qədər azdı. Xarici klublar azərbaycanlı futbolçulara etimad göstərmir. Maraqlıdı, qadın futbolçularda da vəziyyət eynidi?
- Bu proses kişilər üçün daha çətindi deyə düşünürəm. Çünki futbolçu baxımından qadınlara nisbətən kişilərdə seçim daha genişdi. Qadınlar üzrə əsas millinin, demək olar ki, bütün üzvləri legioner həyatı yaşayır. Türkiyə, Rusiya, Qazaxıstan, Gürcüstan, Rumıniya kimi ölkələrin çempionatlarında çıxış edən azərbaycanlı qadın futbolçular var.
- Ölkəmizdə kişi futboluna diqqət qadın futbolunu üstələyir. Qadın futboluna diqqət həm də qızların futbola cəlb edilməsinə böyük təsir göstərir. Necə düşünürsən, ölkədə qadın futboluna diqqəti artırmaq üçün hansı işlər görülməlidi?
- Kişi futboluna diqqət bütün dünyada daha yüksəkdi. Fikrimcə, ölkəmizdə qadın futbolunun daha çox reklama və hər baxımdan - maddi, mənəvi - dəstəyə ehtiyacı var. Məsələnin digər tərəfi budu ki, bizdə qadın futbolçularımız klublarından kişi oyunçular qədər məvacib almırlar. Maaş da bir növ motivasiya qaynağıdı. Qadın futbolçular kişilər kimi seçdikləri işdən daha çox qazansalar, daha məsuliyyətli və çalışqan olarlar.
- Bir az da millinin son oyunları haqda danışaq. Son qarşılaşmada Polşaya böyük hesabla uduzduz. Məğlubiyyətə əsas səbəb nə oldu?
- Polşa millisi ilə qarşılaşmada 90 dəqiqə yaxşı oyun göstərdik, amma 90-cı dəqiqədən sonra, uzatma dəqiqələrində buraxdığımız 3 qol əsas vaxtda meydanda gördüyümüz yaxşı işi yaddaşlardan sildi. Necə deyərlər, tarixdə nəticə qalır. Məğlubiyyətin əsas səbəbi göz qabağındadı, rəqib hərtərəfli bizdən üstün idi. Həm fiziki, həm də təcrübə baxımından Polşa millisi daha yaxşı idi. Son dəqiqələrdə yorulmağımız belə hesabla uduzmağımıza səbəb oldu. Amma bu futboldu. Hər oyun mənim və komandam üçün çox böyük təcrübədi. Ulduz futbolçulara qarşı 90 dəqiqə meydanda bu cür mübarizə aparmaq belə təcrübədi.
- Elə millinin növbəti oyunu da Polşaya qarşı, bu dəfə səfərdə olacaq. Həmin qarşılaşmadan hansı nəticəni gözləyirsən, nəyə ümid edirsən?
- Son oyundakı səhvlərimizdən nəticə çıxaracağımıza və 90 dəqiqə ritmdən qopmayacağımıza ümid edirəm. Çünki Polşa millisinə qarşı oyunda ən böyük çatışmazlıq psixoloji və fiziki baxımdan yorulmaq oldu.
- Hazırda bütün dünyanın gündəmində olan koronavirus pandemiyası klubunuzun planlarına, işlərinə necə təsir etdi?
- Bütün dünyada olduğu kimi, Türkiyədə də liqalar və məşqlər təxirə salınıb. Bu məsələ, sadəcə, formada qalmağıma təsir göstərdi. Məşqlərin və oyunların olmaması bizim üçün çox pis haldı. Bir idmançı üçün bir məşq buraxmaq 5 addım geriyə düşmək deməkdi.
- Yeri gəlmişkən, millinin Polşa ilə oyununda koronavirusla bağlı hansısa profilaktik tədbirlər görülmüşdü?
- Bəli, oyundan əvvəl tədbirlər görülmüşdü. Həmçinin qarşılaşmadan əvvəl rəqib komanda ilə əl sıxmadan oyuna başladıq (Futbol+).