Bu gün AFFA, Peşəkar Futbol Liqası və Klublar Komitəsinin videokonfrans formatında birgə iclası keçiriləcək.
İclas saat 15:00-da başlayacaq.
Koronavirus infeksiyası ilə əlaqədar Azərbaycan Premyer Liqasının XII turunun oyunlarının təxirə salınması nəzərə alınaraq, videokonfransın keçirilməsi məqsəduyğun bilinib.
Bugünkü vəziyyət bir qədər fərqlidir, çünki UEFA-nın çempionatı yarımçıq saxlayan fedenrasiyalara müəyyən cəzalar tətbiq etməsi istisna olunmur.
Bir sözlə, təhlükə hər iki istiqamətdən var. Bir tərəfdən, mümkündür ki, UEFA Premyer Liqanın təxirə salınmasını əsas gətirib,
Azərbaycan futboluna ayırdığı maliyyə vəsaitinin ümumi həcmini nəzərəçarpacaq dərəcədə azaltsın, digər yandan isə pandemiyanın miqyası böyüməkdədir.
8 klubda üst-üstə 50-dən çox şəxs xəstəliyə yoluxub. Bu, hələ bilinən kəsimdir və siyahıya yalnız futbolçularla məşqçilər daxildir, ümumən hamı testdən keçirilsə, heç şübhəsçiz, yoluxanların sayında böyük arrım qeydə alınacaq.
Belə şəraitdə kim nə fikirləşsin? Çətin sualdır. Yuxarı baxırsan, bığdır, aşağı baxırsan, saqqal.
Klubların yarısı bu 3 turun gələn ilə saxlanılmasını, yerdə qalanlar isə vaxtında başa çatdırılmasını istəyir. Prosesə yanaşmadakı 180 dərəcə fərqi yaradan səbəbi AFFA özü verib, əslində.
Çünki federasiyanın test üçün seçdiyi xəstəxana əksər hallarda düzgün diaqnoz qoya bilmir. Buradan isə imtina etmirlər, ona görə ki, adını çəkmək istəmədiyimix tibb müəssisəsi AFFA rəhbərliyinə bağlıdır və onların işlətməsindədir.
Bir nəfərin testi 70-100 manata başa gəlir. Hər həftə minimum 200 belə test götürülür. İndi bunu vurun 70-100 manata, görün, nə qədər qazanc edir. Özü də kimə lazımdır, testin cavabına təsir imkanını özündə saxlayır.
Bu gün testi pozitiv çıxan futbolçunu ertəsi gün «neqativ» cavabla meydanda görürük. Yaxud əksinə. Nə deməkdir bu? Belə şübhələrin olduğu yerdə şəffaflığa necə inanasan?
Bir klub başqasının hansı yollara əl atmasından xəbər tutur, sonra özü də həmin vasitəyə «baş vurur». Bu də «test oyunu»nun geniş vüsət almasını şərtləndirir.
O, edirsə, mən niyə etməyim?» düşüncəsi beyinlərə hakim kəsilir, beləcə, aləm qarışır bir-birinə.
Bütün komandalara da «özünüzü ətraf aləmdən təcrid edin» demək olmur. İmkanı çatan var, çatmayan var. Minimum 25-30 nəfərdən ibarət komandanı 1 gün hardasa qapalı şəraitdə yerləşdirmək və 3 dəfə yeməklə təmin etmək ən yaxşı halda 1000-1200 manata başa gəlir.
Onu 3 həftə bir yerdə saxlamağa təqribən 35-40 min manat lazımdır. «Sumqayıt», «Səbail» və «Qəbələ» qəpiyə güllə atır, haradan tapıb versin pulu?
Deyə bilərsiz ki, Fariz Nəcəfovu başa düşdük, cəbhədən yeni gəlib, bəs Tamerlan Abdullayevlə Riad Rəfiyev? Doğrudur, hər ikisi «tuz»durr və acından köpük qusmurlar.
Amma yaddan çıxarmayaq ki, onlar şəxsi mənafelərini düşünərək futbolda qalan şəxslərdir, bu sahəyə öz ciblərindən 1 abbası da xərcləyən deyillər.
«Qəbələ»dən fərqli olaraq, «Sumqayıt»la «Səbail» baş məşqçilərinin çiyinləri üzərində mövcudluğunu saxlayan komandalardır və rəhbər əli, rəhbər dəstəyi görmürlər.
Snnki həm Ayxan Abbpasovu, həm də Aftandil Hacıyevi atıblar bir dərəyə, deyiblər ki, «beşatlan»la pulemyotçuları susdur.
Bunu bu alamlara rəva görənlər vicdan hissini itirənlərdir, odur ki, çox şey eləməyə və gözləməyə dəyməz!
Xəzər Hikmət

